2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamda qeyd edilir ki, qərar Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünü nəzərə alaraq qəbul olunub.
Qeyd edək ki, Azərbaycan Konstitusiyası 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb. Yeni konstitusiya layihəsini hazırlayan komissiya sədrlə birlikdə 35 nəfərdən ibarət olub. Bu komissiyada hökumət rəsmiləri, deputatlar və ictimaiyyət nümayəndələri təmsil olunub.
1995-ci ilin noyabrın 12-də parlament seçkiləri ilə eyni gündə keçirilən referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın lehinə səs verib. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.
Konstitusiyanın qəbulundan sonra əsas qanuna 2002, 2009 və 2016-cı illərdə dəyişikliklər edilib.
Bu ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanda yenidən referendumla bağlı müzakirələri gündəmə gətirib. Bəzi ekspertlər hakimiyyətin konstitusiya dəyişikliyinə hazırlaşdığını iddia edir.
Ötən gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da mövzu ilə bağlı açıqlama verib. O bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir çox çağırışlar və baxışlar var:
“Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda da tətbiq olunur”.
Modern.az-ın əldə etdiyi məlumatda isə deyilir ki, hakimiyyət hazırkı mərhələdə referenduma hazırlaşmır. Belə ki, Azərbaycanda yaxın vaxtlarda hər hansı konstitusiya dəyişikliyinin baş tutuması gündəmdə deyil.
Komitə sədri Zahid Orucun fikirləri isə daha çox şəxsi mülahizə xarakterlidir. Belə ki, deputat İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra da "Zəfər Konstitusiyası"ndan bəhs edib.