Bakıda uşağın girov götürülməsi xəbəri yayıldı – DİN hərəkətə keçdi


Sabunçu rayonunda yerləşən OBA-8 mağazasında baş verən olayla bağlı artıq Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Turkustan.az bildirir ki, bu barədə Axar.az-a DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, araşdırmanın nəticəsindən asılı olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

Vəkil Aqil Layıcov isə saytımıza açıqlamasında şəxsiyyət vəsiqəsinin girov saxlanılmasının inzibati xəta olduğunu vurğulayıb. Vəkilin sözlərinə görə, bu halda inzibati xətaya yol verən şəxs 500 manatadək cərimə olunur:

“Uşağın hansı şəraitdə və nə qədər müddət saxlanıldığı, yaşı, cinsiyyəti və s. hamısını video və səs yazıları əsasında detallı şəkildə araşdırıldıqdan sonra dəqiq fikir söyləmək olar”.

Qeyd edək ki, Sabunçu rayonundakı OBA-8 mağazasında azyaşlı uşağın 12 ədəd “Alpenqold” şokoladı oğurladığı üçün girov saxlanıldığı barədə məlumat yayılıb. Uşağın valideyni iddia edib ki, oğurluğun qarşılığında 300 manat ödəmək tələb olunub, o isə telefonunu və şəxsiyyət vəsiqəsini girov qoyaraq, uşağı mağazadan çıxara bilib. Daha sonra isə 150 manat verdiyini, 50 manat verməsinin də tələb olunduğunu vurğulayıb.

***13:03

“OBA” marketlər şəbəkəsi Sabunçu rayonunda yerləşən mağazada 9-cu sinif şagirdinin girov götürülməsi ilə bağlı iddialara münasibət bildirib.

Turkustan.az məsələ ilə bağlı marketlər şəbəkəsinin açıqlamasını təqdim edir:

“Ötən gün “OBA” marketlər şəbəkəsinin Sabunçu rayonu ərazisində yerləşən “OBA 8” mağazasında, yanvar ayının əvvəlindən başlayaraq yetkinlik yaşına çatmamış 9-cu sinif şagirdinin mağazadan oğurluq etməsi və mağaza müdirinin bunun müqabilində valideyndən pul tələb etməsi ilə bağlı iddia araşdırılıb. Qeyd etmək istərdik ki, mağazalarımızda təmin edilmiş təhlükəsizlik vasitələri müştərilərimizin, mağazalarımızın və əməkdaşlarımızın hüquq və mənafelərini qorumaq məqsədilə daimi nəzarət aparılır. Təəssüf ki, son hadisədə adı açıqlanmayan yetkinlik yaşına çatmamış müştəri, kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları, gündəlik ehtiyacdan artıq miqdarda oğurlanıb.

Mağaza müdiri, müştərinin yetkinlik yaşına çatmadığını və həmin andakı emosional, psixoloji vəziyyətini nəzərə alaraq valideynlə əlaqə saxlanmasını tələb edib. İlk olaraq müştərinin böyük qardaşı mağazaya gəlib və valideyn gələnə qədər onunla birlikdə mağazada gözləyiblər. Valideyn mağazaya yaxınlaşdıqda videogörüntüləri izləyib. Əməkdaşımız hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirəndə, xanım ailə vəziyyətini açıqlayaraq övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq məsələni qarşılıqlı razılaşma ilə həll etməyi xahiş edib.

Valideyn kifayət qədər vəsaiti olmadığını əsas gətirərək könüllü şəkildə şəxsiyyət vəsiqəsini və mobil telefonunu girov qoyub, dəymiş zərərin yalnız 150 AZN-lik hissəsini ödəməyi təklif edib.

Hadisə ilə bağlı kamera görüntüləri mövcuddur və zəruri görüntülər yalnız Daxili İşlər Nazirliyinə təqdim ediləcək”.

Açıqlamada qeyd edilib ki, mağaza müdiri ananın göz yaşlarına və ailə vəziyyətinə görə polisə müraciət etmədiyini bildirib:

“Ana bu məsələni öyrəndiyi zaman mağazada uşağını döydü və ağlamağa başladı. Polisə zəng etməməyim üçün çox yalvardı və göz yaşı tökdü. Mən də bir ananın hayqırtısını heçə saya bilmədim. Hər birimiz bu ölkənin vətəndaşıyıq. Bu uşaqlar bizim gələcəyimizdir. Düşündüm ki, uşaq qorxub qaça bilər və özünə hər hansı zərər yetirə bilər. Bu səbəbdən uşağın böyük qardaşı ilə birgə ananın gəlməsini gözlədik. Təəssüf ki, mən bu hadisədə özümü yox, qarşı tərəfi daha çox düşünərək, haqlıykən haqsız vəziyyətə düşdüm. Bu hadisədə kiminsə girov götürülməsindən qətiyyən söhbət gedə bilməz.

Qeyd etmək istəyirik ki, bu cür hallar heç bir halda arzuolunan deyil. Lakin mağaza müdiri şəxsi təşəbbüsü ilə müştərinin yeniyetmə olduğunu, valideynin övladının səhvini qəbul etdiyini və ailə vəziyyətini nəzərə alaraq məsələni yerindəcə həll etməyə çalışıb. Buna baxmayaraq, “OBA” marketlər şəbəkəsi olaraq həm əməkdaşlarımızı, həm də valideynləri və cəmiyyəti uşaqlara düzgün dəyərlər aşılamağa çağırırıq. Hadisənin həssas məqamlarını nəzərə alaraq, şirkətimiz gələcəkdə bu cür halların qarşısını almaq məqsədilə ictimai maarifləndirmə tədbirləri həyata keçirməyi planlaşdırır. Biz bu məsələdə ailəyə dəstək göstərməyə və anlayışlı olmağa çalışırıq”.

Qeyd edək ki, ötən gün bir valideyn sosial şəbəkədə paylaşım edərək 9-cu sinifdə oxuyan oğlunun iki sinif yoldaşı ilə birlikdə OBA Marketin Sabunçu rayonu, Aydınbəyov 9A ünvanında yerləşən mağazasından şokolad oğurladığını bildirib. Onun sözlərinə görə, Mağaza müdiri valideyni çağırıb. Şagirdin anası oğlunun əməlinə görə üzr istəyib cəriməsini ödəmək istəyib, lakin ondan 300 manat tələb edilib. Qadına pulu gətirməyənə kimi övladının marketdən çıxmasına icazə verilməyəcəyi bildirilib.

Valideyn bildirib ki, hadisə baş verən vaxt özü işdə olub və ora sonradan gəlib. Mağaza müdiri oğlunun daha əvvəl də oğurluq etdiyini əsas gətirərək ümumilikdə 700 manatlıq mal oğurlandığını bildirib. Mağaza rəhbərliyinin oğlunu “girov” saxladığını, pulu qaytaracağı təqdirdə buraxacağını iddia edib: “Mənə dedilər ki, uşağınız bundan əvvəl də mağazadan oğurluq edib. Ümumilkdə 700 manatlıq oğurluq olub. Hətta bayram günlərində də oğurluq etdiyini dedilər. Halbuki, uşaq bayram günlərində mənimlə birlikdə rayonda olub. Oğlumla birlikdə oğurluq edən uşağın valideynlərindən isə 70 manat tələb ediblər. Bunu biləndə gedib ağlayıb yalvardım ki, cəmi 500 manat maaş alıram, 300 manatı gətirməyə imkanım yoxdur. 200 manata razılaşdılar, onun da 150 manatını tapıb verdim. Uşağın şəxsiyyət vəsiqəsini və telefonunu saxladılar ki, digər 50 manatı gətirəndə apararsan…”


MANŞET XƏBƏRLƏRİ