Ermənistanla Azərbaycan arasında son zamanlar sülh danışıqlarında intensivləşmə diqqət çəkir. Xüsusilə sərhəd komissiyalarının son görüşündə əldə edilən razılıq, rəsmi İrəvanın Bakının təkliflərinə müsbət reaksiyalar verməsi sülhə inamı artırır.
Gedən proseslər sülh sazişinin imzalanacağını şərtləndirir? Ermənistan üçün divar bitib? Paşinyan Azərbaycanın şərtlərini qəbul edir?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistan müxtəlif geosiyasi dəyişikliklər vasitəsilə Azərbaycana qarşı məkrli planlarını icra etməyə çalışırdı:
“Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə gedən müharibələr nəticəsində Ermənistan Türkiyənin zəifləyəcəyini gözləyirdi. Lakin arzusu puç oldu. Nəticədə Ermənistan reallıqları qəbul etməyə məcbur qaldı.
İlyas Hüseynov
Ermənistan regiondakı geosiyasi arxitekturanı qəbul etmək məcburiyyətindədir. Azərbaycanın şərtlərini qəbul etməkdən başqa seçim yoxdur. Bakının şərtləri isə kifayət qədər açıq-aydındır. Bunu Ermənistanın siyasi elitası da qəbul edir. Artıq sülh müqaviləsində qəbul edilməyən maddələr də müzakirə edilir. Söhbət şərti dövlət sərhədində üçüncü ölkələrin qüvvələrinin olmamasıdır. Bundan başqa, ATƏT-in Minsk qrupunun buraxılması da öz həllini tapacaq”.
Politoloq qeyd edib ki, Ermənistan öz müstəqilliyini düşünürsə, şərtlərimizi qəbul etməlidir:
“Regiona diplomatik örtüklə xarici müdaxilə var. Bu güclər Ermənistanı silahlandırır. Bu isə sülhə maneədir. İrəvan havadarların vədi ilə hərəkət etsə, heç nəsə nail ola bilməz”.