Azərbaycanda boşanmaların sayı rekord həddə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Hələ ötən ilin sonlarında Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınmışdı.
Statistikaya diqqət yetirdikdə ortaya çıxan mənzərə insana o qədər xoş təəssürat bağışlamır. Bu göstərici bizə həyəcan təbili çalmaq üçün əsas verir.
Məsələn əvvəllər boşanan insanlar daha çox müzakirə mövzusu olur, cəmiyyət bu boşanmalara təəssüf hissi keçirirdisə, indi həyat yoldaşı ilə sözü üst-üstə düşməyən gənclər özlərini həmən məhkəmə salonlarına “vururlar”.
Boşanmaların hər ötən gün artan statistika ilə davam etməsi isə ortaya bir neçə suallar çıxarır. Həmin sualların başında isə boşanma sayının niyə artması durur. Niyə boşananların sayı hər ötən gün artır və bunun əsas səbəbləri nələrdir?
Kimisi bunu ailədaxili problemlərdə, kimisi də insanların bir-birinə olan dözümsüzlüyündə görür. Turkustan.az-a açıqlama verən sosioloq Elçin Bayramlı da boşanma hallarının artmasına bir neçə amillərin təsir etdiyini bildirdi.
Adətən ailə quran gənc xanımlar əks cinsin maddi vəziyyətinə, oğlanlar isə xanımın gözəlliyinə önəm verirlər. Bir müddət sonra ailədə maddi problemlər, işsizlik yarananda, müxtəlif səbəblərdən çətinlik yarananda ailə buna dözmür və dağılır. Çünki bağlar maddiyyat üzərində qurulmuşdu, maddiyyat ortadan çəkildisə, artıq bir bağ qalmır. Amma mənəvi dəyərlər üzərində qurulan ailələrda bağlar möhkəm olur. Fikir versəniz görərsiniz ki, mənəvi dəyərlərə üstünlük verən ölkələr də elə məhz kasıb ölkələrdir.
90-cı illərdə müharibə vəziyyətində yaşayan bir ölkə olmağımıza baxmayaraq, boşanma halları demək olar ki, çox aşağı səviyyədə idi. Bu gün isə ölkədə sosial-iqtisadi vəziyyətin daha üstün olmasına baxmayaraq, boşanma halları çox yüksəkdir.
Onu da bildirim ki, boşananlar daha çox maddi təminatı normal olan ailələrdir. Yəni boşanan 10 ailənin ən az 7-8-də səbəb maddi durum deyil. Xasiyyətlərinin uyğun gəlməməsi, ailə faktoru, bir-birinin sözünü götürməmək, birinin o birindən özünü üstün görməsi və s. bu kimi amillərdir. Bütün bu sadaladıqlarım mənəvi problemlərdir, dəyərlərin kənara atılmasıdır. Bu arqumentləri dünyada təkzib edəcək bir nəfər belə yoxdur.
Aytən Yaşar/ Turkustan.az