2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamda qeyd edilir ki, qərar Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünü nəzərə alaraq qəbul olunub.
Qeyd edək ki, Azərbaycan Konstitusiyası 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb. Yeni konstitusiya layihəsini hazırlayan komissiya sədrlə birlikdə 35 nəfərdən ibarət olub. Bu komissiyada hökumət rəsmiləri, deputatlar və ictimaiyyət nümayəndələri təmsil olunub. 1995-ci ilin noyabrın 12-də parlament seçkiləri ilə eyni gündə keçirilən referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın lehinə səs verib. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib. Bundan sonra Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə dəyişikliklər edilib.
Bu ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanda yenidən referendumla bağlı müzakirələri gündəmə gətirib.
Modern.az-ın məlumatına görə, bəzi ekspertlər hakimiyyətin konstitusiya dəyişikliyinə hazırlaşdığını iddia edir.
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da mövzu ilə bağlı açıqlama verib. O bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir çox çağırışlar və baxışlar var:
“Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır. İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda da tətbiq olunur”.
Xatırladaq ki, son dəfə 2016-cı ildə Konstitusiyaya dəyişikliklər edilməsi üçün referendum keçirilib. Hazırda bu ilki xüsusi status fonunda yeni referendum ehtimalı cəmiyyətdə geniş müzakirə olunur.
Müşahidəçilər hesab edir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkənin hüquqi sistemində dəyişikliklərə ehtiyac yarana bilər. Bu dəyişikliklər sırasında dövlət idarəetmə mexanizmlərinin daha müasir modelə uyğunlaşdırılması və hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ön planda yer alır.
Bir neçə gün əvvəl Modern.az-la söhbətində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, parlamentin İnsan hüquqların komitəsinin sədr müavini Arzuxan Əlizadə də referendumla bağlı gözləntilərini dilə gətirib:
"2019-cu ildə təkliflər paketi hazırlamışdıq. Təkliflərin bəziləri konstitusiya dəyişiklikləri ilə mümkündür. Bu baxımdan təkliflərə müsbət yanaşılsa, referenduma gedilməsi zəruridir. Parlamentin say tərkibinin artırılması, proporsional seçki sisteminə keçid, idarəetmə sistemi ilə bağlı dəyişikliklər üçün mütləq referenduma getməyə ehtiyac ola bilər. Referendum gözləniləndir. Azərbaycan prezidenti də bir müddət əvvəl dedi ki, hazırki icra hakimiyyəti strukturu keçmiş sovetlərdən qalmadır. Dövlət başçısı da qeyd etdi ki, gələcəkdə başqa idarəetmə sisteminə keçilə bilər. Torpaqlarımız işğaldan azad olunandan sonra bu ərazilərdə Prezidentin xüsusi nümayəndəliyi yaradıldı. İdaretmə sistemininin biraz da təkmilləşdirilməsi mümkündür. Konstitusiya dəyişikliklərinin edilməsini istisna etmirəm. Belə olduğu halda referendum qaçılmaz olacaq".
Referendumun keçirilib-keçirilməyəcəyi barədə rəsmi məlumat verilməyib. Hakimiyyətin mövqeyi hələ tam açıqlanmasa da, siyasi mühitdə belə addımın mümkün olduğu barədə fərziyyələr artır.