Salyan rayonunda hərbçi ailəsində anadan olur...
Orta təhsilini Sumqayıt şəhərində alan igidimiz uşaqlıqdan rəssamlığa həvəs göstərir...
Bir neçə dəfə təşkil olunan rəsm sərgilərində və Azərbaycan dili üzrə fənn olimpiadasında şəhər birinciliyini, həmçinin, "Şahin" idman yarışlarında yüksək nəticələr qazanır...
Vətənpərvər ruhda böyüyən igidimiz təhsil, mədəniyyət və idman sahəsində qazandığı bütün uğurlarına baxmayaraq hərbçi olmağa qərar verir...
2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alır...
2005-2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alır və Ordu yarışlarında qazandığı 29 medalla (3 bürünc, 5 gümüş, 21 qızıl medal) məktəbi fərqlənmə ilə bitirir...
2009-2010-cu illərdə Silahlı Qüvvələrin Təlim - Tədris Mərkəzini zabit olaraq bitirir...
2010-cu ildə Qazax rayonunun müdafiəsində Tank əleyhinə tağım komandiri kimi fəaliyyət göstərir...
2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu birinci olaraq bitirir və XTQ mənsubu olaraq xidmətə başlayır...
2017-ci ildə Türkiyə Respublikasında "Beynəlxalq dalğıc"(1-ci sinif dalğıc) kursunu;
2018-ci ildə Türkiyə Respublikasında "1-ci sinif dalğıc təlimatçısı" kursunu uğurla başa vurur...
XTQ sıralarında bir çox vəzifələrdə xidmət edir, mayor rütbəsinə qədər yüksəlir...
2016-cı ilin Aprel döyüşlərində iştirak edir, Talış kəndi istiqamətində qəhrəmancasına döyüşür...
Vətən Müharibəsində Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunması uğrunda qəhrəmancasına döyüşən, Şuşa şəhərinin işğaldan azad olunması zamanı Şuşaya ilk girən bölmələrdən birinin komandiri olan, Şuşanın müdafiəsini tabor komandiri olaraq təşkil edən, Xankəndi istiqamətində bütün hücumların qarşısını öz şəxsi heyəti ilə alan, Şuşa qalasının divarlarını öz şəxsi heyəti üçün sipər olaraq seçən və düşmən məğlub olana qədər mövqeyi əldən verməyən Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı, qazi Zaur Hüseynov!
Qəhrəmanımız Vətənə xidmətinə görə "Heydər Əliyevin 100 illiyi" ; "Azərbaycan Ordusunun 100 illiyi" ; "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" ; "Azərbaycan Respublikasının strateji obyektlərinin mühafizəsi orqanlarının 30 illiyi" yubiley medalları, III dərəcəli "Qüsursuz xidmətə görə" ; lI dərəcəli "Qüsursuz xidmətə görə" medalları, "Şücaətə görə" medalı, "Vətən Müharibəsi İştirakçısı" medalı, "Vətən Müharibəsi Qəhrəmanı", "Cəbrayılın azad olunmasına görə" ; "Şuşanın azad olunmasına görə" ; "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Aprel döyüşlərinin fəal iştirakçısl olan igidimiz o günləri belə xatırlayır: : "2016-cı ilin Aprel ayının 1-i düşmən təxribatının qarşısını almaq üçün biz (XTQ) gizli şəkildə düşmən arxasına sızmağa başladıq. Mən keçidaçma qrupunun komandiri idim. Keçidi düşmənin səngərinə qədər 4 km məsafədə açdıq. Biz düşmən səngərinə yaxınlaşdıq, cavab atışı veriləndən sonra düşmən öz mövqelərinə geri çəkildi. Biz sızaraq Talış kəndi istiqamətində hərəkəti davam etdirdik. Burada mən keçidin açıq qalmasını təmin etməli idim. Özümlə 2 nəfər götürərək düşmənin 22-ci postuna doğru irəlilədim. Və postun 100-150 metrliyində mövqeləndim və 21-cü sağ posta da 3 nəfər göndərmişdim. Və digər şəxsi heyət də Talış kəndi istiqamətində irəlilədilər, Talış kəndi ətrafında olan bütün mövqeləri tutdular, burada ağır döyüşlər başladı. Kapitan Azər Məmmədovun başçılığı altında post götürüldü".
" 44 günlük Vətən Müharibəsi bütün dünyaya və bütün dünya ordularına nümunəvi bir döyüş növü kimi nümayiş olundu" deyən Qəhrəmanımız Şuşa döyüşlərini belə xatırlayır: "Heç vaxt ayaq basmadığımız ərazilərə ayaq basırdıq. Alınmaz qalanı almağa gedirdik. Bu daha ağır idi. Bu daha çətin idi. Bizim yuxarı Komandanlıq kitabda yazılmayan döyüş taktikası yazdılar və icra, etdilər. Həmişə Allaha dua edirdim ki, bizi utandırma. Başlamışıq bu işi, müvəffəqiyyətlə yerinə yetirək, yekunlaşdıraq. Mən xatırlayıram ki, Leytenant rütbəsi alanda fikirləşirdim ki, görəsən mən vətənə layiqli zabit ola biləcəyəmmi?... Şuşaya ayaq basanda anladım ki, bura qədər qət etdiyim yol hədər deyilmiş... "
Zaur Hüseynov haqqında yazdıqca Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi partizan Mehdi Hüseynzadəni xatırlayıram. Rəssam olmağı qarşısına məqsəd qoyan, rəssamlıq məktəbində təhsil alan, dünyanın gözəlliklərini fırçası ilə kətana köçürən Mehdini... İncəsənətin sirlərini daha da dərindən öyrənmək istəyən Mehdini... İkinci Dünya Müharibəsi başlayanda fırçasını silahla əvəz edən Mehdini... Və dünyada məşhur rəssam kimi deyil, qəhrəman partizan kimi tanınan və sevilən Mixaylo ləqəbli Mehdi Hüseynzadəni...
Sadəcə zaman dəyişib, illər dəyişib... Bir də adlar... Məkan həmin məkandır... Millət həmin millət... Ruh da həmin ruh... Yeri gəlmişkən, Zaurun da ləqəbi var, hərbi sirr kəsb etməsini nəzərə alıb yazmıram. Hətta keçdiyi döyüş yolunun da bəzi nüanslarını yazmamaq məcburiyyətindəyəm. .. Axı müharibə hələ bitməyib...
Müharibə dəhşətdir... Fəlakətdir... Ölümdür... Ayrılıqdır... Faciədir... Yarım qalmış arzulardır... Bircə yaxşı üzü var müharibənin: bizə qəhrəmanlarımızı tanıtdırır... Kaş ki heç müharibə olmasa... Və biz o qəhrəmanları heç tanımasaq... Kaş ki...
Əslində elə Mehdidən Zaura qədər bütün qəhrəmanların məqsədi bu kaşkiləri aradan qaldırmaq, qanı durdurmaq, müharibəni yox edib, sülh bərqərar etməkdir!
Ümid edirəm qəhrəmanlarımızın bu arzusu, bu niyyəti çox keçmədən gerçəyə çevriləcək. Bu qara buludlar Vətənimizin üzərindən çəkiləcək... Və gələcək nəsil qəhrəmanlarımızı minnətlə, sevgi ilə, fəxrlə xatırlayacaq!
Biz səninlə fəxr edirik Vətənin qəhrəman oğlu! Azərbaycan xalqı çəkdiyin bu əziyyəti heç vaxt unutmayacaq, cənab mayor! Allah səni və bütün silah yoldaşlarını qorusun!
Sevinc Bəhmənli