Dünya İqtisadi Forumunun növbəti illik toplantısı 20-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.
Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında toplaşıb.
Hər il olduğu kimi illik yığıncaqda dövlət və hökumət başçıları, əsas beynəlxalq təşkilatlar və Forumun 1000 tərəfdaş şirkətinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc liderlər, sosial sahibkarlar və media iştirak edir.
Forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunub:
İnkişafın yenidən dizayn edilməsi – Güclü və dayanıqlı iqtisadiyyatların qurulması üçün yeni inkişaf mənbələrini necə müəyyən edə bilərik?
İntellektual əsrdə sənayelər - Biznes liderləri öz sənayelərinin transformasiyasında qısamüddətli məqsədlərlə uzunmüddətli imperativlər arasında tarazlığı necə əldə edə bilərlər?
İnsan kapitalına investisiya - Dövlət və özəl sektor müasir və davamlı cəmiyyətin inkişafına töhfə verən insan kapitalının inkişafına və iş yerlərinin artmasına necə sərmayə qoya bilər?
Planetin mühafizəsi - İnnovativ tərəfdaşlıqlar, artan maliyyələşdirmə və aparıcı texnologiyaların tətbiqi vasitəsilə enerji, iqlim və təbiət məqsədlərinə nail olmağı necə sürətləndirə bilərik?
Etimadın bərpası - Getdikcə mürəkkəbləşən və sürətlə inkişaf edən dünyada cəmiyyətlər arasında dərinləşən fikir ayrılıqları, geosiyasi çoxqütblük və siyasi proteksionizmə doğru baş verən dəyişikliklər həm ticarətə, həm də investisiyalara mane olur. Maraqlı tərəflər həm beynəlxalq, həm də cəmiyyətlər daxilində əməkdaşlıq etmək üçün yeni həll yollarını necə tapa bilərlər?
Yanvarın 20-də ABŞ-da vəzifəsinin icrasına başlayan Donald Tramp yanvarın 23-də keçiriləcək sammitə canlı olaraq qoşulacaq.
Sammitdə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, Çin Baş nazirinin birinci müavini Dinq Şueşyan, Almaniya kansleri Olaf Şolts, Argentina prezidenti Xavyer Miley, Avropa Parlamentinin sədri Roberta Metsola, Cənubi Afrika Respublikasının prezidenti Matamela Siril Ramafosa, İspaniyanın Baş naziri Pedro, Sançes, Azərbaycan Prezidenti İlham Əliyev, Fələstinin Baş naziri Məhəmməd Mustafa, Ukrayna prezidenti Volodimir Zelenski və İsrail prezidenti İsaak Hersoq daxil olmaqla ümumilikdə 60 dövlət başçısı iştirak edir.
Bir müddət öncə erməni mediası Nikol Paşinyanın Davos İqtisadi Forumuna dəvət aldığı və orada iştirak edəcəyi barədə məlumat yaymasına baxmayaraq, hələ ki, Paşinyan tədbirə qatılmayıb və bu barədə heç bir açıqlama da verməyib. Hətta Azərbaycan və Ermənistan liderlərinin eyni tədbirdə iştirakı onlar arasında görüşün mümkünlüyünü də gündəmə gətirmişdi.
Maraqlıdır görəsən, Nikol Paşinyan “sevimli” Qərb lideri ilə görüşlərdən niyə imtina edir? Turkustan.az olaraq bizi maraqlandıran sualları politoloq Oqtay Qasımova ünvanladıq.
Bildiyiniz kimi dünya liderləri Davosa toplanır. Lakin Ermənistan baş nazirinin sammitə gedib-getməyəcəyi sual altındadır. Necə düşünürsünüz, Paşinyan Qərb lideri ilə görüşdən imtina edir?
Ermənistan baş nazirinin Davosa hələ də getməməsinin səbəbləri məlum deyil. Nəzərə alsaq ki, bir müddət öncə onun sözçüsü açıqlama verərək bildirmişdi ki, Paşinyan Davosda iştirak edəcək və bir sıra görüşlər keçirəcək. Hətta bu görüşlər içərisində prezident İlham Əliyevlə də görüş var idi. Onun sammitə qoşulmamasının bir neçə səbəbləri ola bilər. Düşünmürəm ki, Paşinyan bu addımı atmaqla Qərb liderləri ilə görüşdən qaçmaq istəyir, əksinə o hər zaman Qərbin tədbirlərində iştirak etməkdə maraqlı olub.
Nikol Paşinyanın Davosa getməmə səbəbi İlham Əliyevlə üz-üzə gəlmək istəməməsi ola bilərmi?
Mənə elə gəlir bu 2 səbəbdən baş verə bilər. Birincisi Ermənistanın öz daxilində baş verən hadisələr, hansı ki, müxalif qüvvələr yenə də Paşinyanı satqınlıqda ittiham edirlər. Məhz bu gərginlik onu bu sammitə getməkdən vaz keçirə bilər. Digər bir məsələ isə, Kazan görüşündən sonra Paşinyanın İlham Əliyevlə yenidən üz-üzə gəlmək istəməmisi ola bilər. Çünki Kazan görüşü kifayət qədər geniş, əhatəli və yetərincə konstruktiv bir məcrada keçirilib və orada bir çox mühüm məqamlar müzakirə olunub, bir sıra məsələlər razılaşdırılıb.
Hətta komanda üzvlərinə də tapşırıqlar verilib. Amma o görüşdən keçən 3 ay müddətində biz hansısa ciddi addımların atıldığını görmürük. Məhz bu yubanmaların da əsas səbəbkarı Ermənistandır. Bunu Azərbaycan prezidenti 2 həftə öncə öz müsahibəsində də bildirmişdi. Hər halda tədbir davam edir, gözləyək görək Paşinyan sammitə qatılacaqmı ya yox. Amma səfərdən imtina edəcəksə də, bu mütləq dediyim səbəblərə görə olacaq.
Aytən Yaşar/ Turkustan.az