Zəngəzur planında dəyişiklik: “İrəvan kobud səhvə yol verdi”


Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq sazişi İrəvanın ən kobud geosiyasi səhvidir.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı politoloq Yelena Panina deyib.

Onun sözlərinə görə, Ermənistan-Amerika razılaşması həm də İrəvanın KTMT ilə bir neçə ildir davam edən münaqişələrinə aydınlıq gətirib:

“Bu müqavilə ilə Ermənistanın KTMT-də iştirakı qeyri-müəyyənləşəcək, Rusiya ilə iqtisadi əməkdaşlıq xeyli azalacaq. 2026-cı ildən sonra Ermənistanın AES-i Makronun ümid etdiyi kimi “Rosatom” və ya Fransa yox, Vaşinqtona veriləcək”.

ABŞ-nin Ermənistan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsində iştirakına gəlincə, Paninanın fikrincə, bu o deməkdir ki, Amerika bu ölkədə baş verəcək hər şeyə nəzarət edəcək və burada öz qüvvələrini artıracaq: “Əlbəttə, bütün bunlar vəzifəsinin icrasına başlayan Tramp administrasiyası Bayden administrasiyasının apardığı xətti davam etdirsə, baş verəcək”.

Rusiyalı analitik bunu tamamilə mümkün hesab edir:

“İstənilən ABŞ administrasiyası üçün Qafqaz vacibdir. Ermənistanın təkcə Rusiyanı yox, bütün qonşularını narahat etməyə başlaması da başqa məsələdir. Beləliklə, Türkiyə və Azərbaycan bir-biri ilə birbaşa (Zəngəzur üzərindən – red.) dəhlizə sahib olmaq üçün planlarında müəyyən dəyişikliklər etməli olacaq.

İran da yaxın qonşusu Ermənistanın ABŞ-nin strateji tərəfdaşı olmasından çox da məmnun olmayacaq.

Ermənistan hətta Qərbin nəzərində artıq rusiyapərəst sayılan Gürcüstan rəhbərliyinin mövqelərini zəiflətmək baxımından qalaya çevrilə bilər, çətin ki, bu, “Gürcü Arzusu”nda məmnunluqla qəbul olunsun.

Ermənistan-ABŞ strateji tərəfdaşlığı faktı Transxəzər logistika layihələrində (Orta dəhliz) xüsusilə maraqlı olan Qazaxıstan tərəfindən də nəzərə alınmalıdır".

Panina İrəvanın verdiyi qərarların Ermənistanda aranı qarışdıracağını və onu savaşa sürükləyəcəyini proqnozlaşdırır: "Ermənistanın “Superukrayna”ya çevrilmək ehtimalı yüksəkdir”./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ