Diqqət sərhəddə: Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...


“Tavuşda yeni birtərəfli güzəştlər gözlənilir. Sərhədin demarkasiyası bəhanəsi ilə bu dəfə Kirants-Voskepar (Günən-Əskipara) bölgəsindəki ərazilərin verilməsi planlaşdırılır. Kirants sakini Andranik Nazaryan bizə bildirdi ki, söhbət son dərəcə strateji əhəmiyyətə malik “Əskipara üçbucağı” adlanan ərazidən gedir”.

Turkustan.az məlumatına görə, “Hraparak” qəzeti belə yazıb.

Nazaryanın sözlərinə görə, həmin torpaqlar Azərbaycana verilərsə, bir neçə obyekt, o cümlədən qaz kəməri və yol da qarşı tərəfin nəzarətinə keçəcək.

“Ötən il “Vətən uğrunda Tavuş” hərəkatı zamanı fəallıq göstərən yerli sakinlər hələ də qərarlıdır. Onlar əllərini yanlarına salıb oturmağa hazırlaşmırlar, küçələrə çıxıb mübarizə aparmağı planlaşdırırlar.

Lakin onların bizə dediyi kimi, liderlik problemi var. İnsanlar nəyin bahasına olursa-olsun torpaqlarını qoruyub saxlamaq istəyirlər. Amma təkbaşına repressiv dövlət aparatının qarşısında aciz olduqlarına inanırlar. Onlara güclü, ağıllı və dönməz lider lazımdır”, - deyə “Hraparak” nəşri yazır.Qeyd edək ki, Günən və Əskipara kəndləri arasındakı “üçbucaq” adlandırılan ərazi Ermənistan qoşunlarının işğalı altındadır.

Ötən il Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasından sonra şərti sərhədin 12,7 kilometrlik hissəsi delimitasiya və demarkasiya olunub.

Lakin razılaşdırılmış sərhəd xəttindən şimal-qərb istiqamətində Əskipara və Günən kəndləri ərazisində yerləşən, şərti olaraq “üçbucaq” adlandırılan ərazi hələ Ermənistanın işğalı altındadır.

Əgər Ermənistan ordusu Əskipara “üçbucağı”ndan çıxsa, delimitasiya olunmuş sərhəd xəttinin uzunluğu arta bilər. Ancaq Ermənistan Günən və Əskipara arsında nəqliyyatın hərəkətini təmin edən yolla bağlı məsələni həll etməlidir.

Bundan başqa, işğal dövründə ermənilər qanunsuz olaraq, həmin ərazilərdəki torpaq sahələrini əkin sahəsi kimi istifadə edib və evlər tikib. Nəticədə, Əskipara kəndi həmin istiqamətdə genişlənib.
Ona görə də ermənilər işğal altındakı torpaqları öz əraziləri adlandırır. Bu zaman onlar SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının tərtib etdiyi topoqrafik xəritələrə istinad etmir.

Xatırladaq ki, Ermənistan 1976-cı ilin xəritələrinin əsas götürülməsini təklif edir. Lakin ermənilər bir çox hallarda SSRİ dövründə qanunsuz tərtib edilmiş və “Torpaqdan istifadə xəritələri”ni sübut kimi təqdim edir.

Halbuki, həmin xəritələr hər hansı hüquqi qüvvəyə malik deyil və Ermənistan kolxoz və sovxoz təsərrüfatlarının müvəqqəti olaraq Azərbaycan torpaqlarından istifadəsini əks etdirir.

Ona görə də Qazax-Tavuş istiqamətində Ermənistanın yalnız üç anklav kəndi deyil, daha çox əraziləri qaytarmalı olacağını demək olar.

İkincisi, Sovet dövrü yalnız 1976-cı ili, sonrakı dövrü əhatə etmir. 1920-ci ildən sonra Qazax qəzasının, sonra isə Qazax rayonunun minlərlə hektar torpaq sahələri qanunsuz olaraq Ermənistana bağışlanıb. Delimitasiya prosesində həmin ərazilərin qaytarılması məsələsi gündəmə gələ bilər.

Lakin “Hraparak”ın yazdığı məqalədən aydın olur ki, “Əskipara üçbucağı”nda sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanın ötən il olduğu kimi, Nikol Paşinyan hakimiyyətinə qarşı növbəti dəfə etiraz aksiyalarına səbəb olacağı istisna edilmir.

2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşan Paşinyan üçün bu baxımdan, güzəştlərə getmək o qədər də asan olmayacaq. Eyni zamanda, narazı kütlənin lidersiz qalması Paşinyanın “əlini gücləndirən” amil kimi çıxış edir.

Etirazçıların lidersiz qalması barədə qeyd edilənlər ötən il “Vətən naminə Tavuş” hərəkatına və aksiyalara rəhbərlik etmiş arxiyepiskop Baqrat Qalstanyana artıq əhali arasında ümid qalmadığını göstərir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ