Ermənistan Parlamentinin spikeri Alen Simonyan Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəmə prosesinə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Simonyan məsələ ilə bağlı jurnalistlərin müvafiq sualını cavablandırıb.
O, Ermənistan hökumətinin prosesi izlədiyini bildirib:
“Biz hər şeyi görürük, amma reaksiya verəcək heç nə yoxdur. Nələrin baş verdiyi onsuz da aydındır. Kədərlidir, ümid edək ki, məhkəmə prosesinin sonu həmin şəxslərin geri qaytarılması və hansısa yolla azadlığa buraxılması üçün müzakirələr aparmağa imkan verəcək”.
Simonyan keçmiş qondarma rejimin Ermənistandakı separatçılarının həmin şəxslərin azad edilməsi ilə bağlı hökumətə çağırışışlarına münasibət bildirib:
“Bu məsələdə hökuməti tənqid edənlər prosesə müdaxilə etməsələr, sussalar daha yaxşı olar. Nə qədər müdaxilə edirlərsə, o qədər mənfi nəticə görürük. Onlar Ermənistanda statusu olan şəxslərdir, bəziləri vətəndaşdır, bəziləri isə qaçqın. Hökumət qərar verməlidir, onlar da tabe olmalıdırlar, gündəm yaratmağa çalışmamalıdırlar”.
Qeyd edək ki, bu gün hərbi cinayətlərdə təqsirləndirilən keçmiş qondarma “rəhbərlərin” məhkəmə prosesi keçiriləcək. /globalinfo.az/