ABŞ tarixinin çılğın və qalmaqallı prezidentlərindən olan Donald Tramp saatlar sonra yenidən prezident seçiləcək.
Bu gün ABŞ-ın eləcə də dünyanın səbirsizliklə gözlədiyi bir an yaşanacaq. Ağ Ev 47-ci prezidentini qarşılayacaq.
ABŞ prezidenti dünya ictimaiyyətinə daha çox xarici ölkələrlə bağlı çıxışları ilə yadda qalır. Elə təəssürat yaranır ki, o, xarici siyasət idarəsinin başçısıdır. Bundan başqa, ABŞ-də 50 ştat var. Onların da hər birinin parlamenti və hökuməti fəaliyyət göstərir. Prezident daha çox birləşdirici, həlledici şəxsdir. Bununla belə, ABŞ Prezidentinin çıxışı və qərarı dünya siyasətinin yönünü dəyişməyə qadirdir.
Daha öncə Trampın qayıdışının dünyaya və ölkəmizə nə vəd etdiyi ilə bağlı politoloqların fikirlərini sizinlə bölüşmüşdük. Bu gün isə Turkustan.az olaraq politoloq Turab Rzayevə Trampın andiçməsindən sonra nələr yaşana biləcəyi ilə bağlı suallarımızı ünvanladıq.
Saatlar sonra bütün dünyanın gözü Amerikaya zillənəcək. Donald Tramp ikinci dəfə prezident seçiləcək, o, andiçməsindən sonra hansı addımları atacaq?
Donald Trampın bir neçə prioritet istiqaməti olacaq. O, hər zaman bildirib ki, mən sülhün tərəfdayıram, düşünürəm ki, bu dəfə də çalışacaq ki, dünyanı narahat edən münaqişələri həll etsin. Bilirsiniz ki, İsraillə Həmas arasında ilk atəşkəs imzalandı və bu da Tramp kabinetinin təzyiqi ilə baş tutdu. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsini həll etməyə çalışacaq, eləcə də Qarabağ müharibəsində sülhün təmin olunmasına dəstək olacaq. Ancaq təbii ki, onun üçün ən öndə olan məsələ ABŞ-ın maraqlarıdır. O, istəmir ki, ABŞ əziyyət çəksin, ona görə NATO ölkələrinin büdcələrini 5%-ə qaldırmağı da tələb edəcək.
Donald Trampın xarici və daxili siyasəti daha öncəki prezidentlərin siyasətindən nə ilə fərqlənəcək?
Trampın xarici siyasətində əsas düşmən obrazı kimi Rusiyadan Çinə doğru istiqamət dəyişəcək. O, dəfələrlə bəyan edib ki, əsas hədəfi Çindir. Eyni zamanda İranla bağlı da müəyyən planları ola bilər. Nəzərə alsaq ki, İsrailin İranla arası yaxşı deyil, ancaq Netanyahu Trampla yaxın münasibətdədir, ona görə İrana qarşı İsrailə də dəstək ola bilər. Lakin bölgədə İranın zəifləməsi Türkiyənin güclənməsinə səbəb ola bilər, bu da Trampa sərf edən bir hal deyil. Tramp həmçinin enerji məsələlərinə də müsbət yanaşacaq.
Trampın ərazi iddiaları yeni müharibələrin başlamasına gətirib çıxara bilərmi?
Trampın ərazi iddiaları ilə bağlı müharibə edəcəyini düşünmürəm. Çünki, bununla bağlı suallardan hər zaman çəkinib. Ancaq istənilən halda aydın məsələdir ki, Kanadayla müharibə etməyəcək. O, Kanadanı iqtisadı-siyasi cəhətdən ABŞ-a bağlamaq istəyir. Qrenlandiyayla bağlı isə tamam fərqli addım ataraq, onu referenduma məcbur edə bilər. Beləliklə onu Danimarkadan uzaqlaşdıracaq. Həmçinin Panamaya da təsir göstərmək istəyəcək. Ola bilsin ki, Panama ilə bağlı hansısa dövlət çevirilişi və ya təzyiqə şərait yaratsın.
Aytən Yaşar/ Turkustan.az