“Hələ yarası sağalmamış bir hadisə nəticəsində həlak olan Milli Qəhrəmanımız Hökümə Əliyevanın valideyninə qarşı dələduzluq edilməsi onun ruhuna hörmətsizlikdir, üzücü xəbərdir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, cinayətkar və cinayətkarlıq üçün müqəddəs heç nə yoxdur. Vəsait əldə etməkdən ötrü həmin dələduz eyni cinayəti öz ailəsinə, doğmasına da edər. Hadisədə “Kapital Bank”ı da günahlandıranlar var. Əlbəttə, müstəsna halda bank əməkdaşının gəlib kartı və məlumatları vətəndaşa təhvil verərkən, ondan istifadə qaydalarını izah edərkən dolayı yolla məlumatları vətəndaşın etibarından istifadə edərək çəkməsi istisna olunmur. Amma bunu istintaq, araşdırma sübut edəcək. “Kapital Bank”ı ittiham etmək hələlik düzgün olmaz. Ümumi yaranmış vəziyyətə və prosedura əsasən deyə bilərəm ki, bank sektorunda sistem elə qurulub ki, kart, hesab kodu verilməsi prosesində bank sektorunun əməkdaşının iştirakı mümkün deyil. Heç onların özlərinin bu haqda məlumatları yoxdur. Yəni məxfi kodun verilməsində bank əməkdaşının iştirakı vizual olmur. 99,9% prosedurlarda - oğurlanma, mənimsənilmə hallarında nəticədə dolayı yolla vətəndaşın özünün iştirakı müəyyən olunur. 0,01% texniki xəta ola bilər. Belə halda pulun rahatlıqla geri qaytarılması təmin edilir”.
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
İqtisadçı bildirib ki, kart hesablarından pul mənimsənilməsi hallarında çox vaxt vətəndaş ovsunlanaraq məxfi məlumatı qarşı tərəfə ötürür: “Beləliklə, vəsait hesabdan çəkilir. Ümumiyyətlə, kibercinayətkarlığın şaxələnməsi, müasir, ağlagəlməz səviyyədə texnologiyadan və etibardan sui-istifadə halları kifayət qədər yayılıb. Vətəndaşlar ehtiyatlı olmalıdırlar. Hətta məsafədən belə məlumatların çəkilməsi mümkün olur. Bankomata yaxınlaşdıqda ehtiyatlı olmaq lazımdır. Heç kimə etibar etməsinlər. İstər onlayn alış-veriş zamanı, istərsə də iaşə obyektlərində, telefon zəngi zamanı qarşı tərəfə şəxsi bank məlumatlarını ötürmək qadağandır. Ən vacib məqam budur ki, Hökümə Əliyevanın atasına qarşı edilən dələduzluq hadisəsində cinayətkar müəyyən edilib və saxlanılıb. Məlumatın dələduza kim tərəfindən ötürülməsini isə istintaq nəticəsində müəyyən edib, ictimaiyyətə məlumat verəcəklər”.