O ananın fəryadı hələ də ürəyimi titrədir - "20 Yanvar"ı lentə alan Deqati


20 Yanvar 1990-cı il Sovet İttifaqı tərəfindən Bakıya edilən qanlı müdaxilənin simvolik tarixidir. Həmin gecə Sovet ordusu Bakıda dinc insanlara qarşı silahlı hücum etdi. Bakı küçələrində qorxu və qətl yaşandı, şəhər qanla boyandı. Rəsmi məlumatlara görə, 137 nəfər həyatını itirdi, amma bu rəqəm, əslində, daha çox idi, çünki bir çox insanın ölüm səbəbi gizli saxlanıldı. Bu hadisə həmçinin Sovet rejiminin öz xalqına qarşı nə qədər qəddar olduğunu və müstəqillik arzusunun qarşısındakı zəifliyini göstərdi. Lakin 20 Yanvar hadisələri xalqın mübarizəsinə daha da güc verdi. O gün Azərbaycanın müstəqillik yolundakı iradəsi misilsiz bir şəkildə formalaşdı. Qanlı Yanvar bir xalqın öz müqəddəratını müəyyən etmək uğrunda apardığı mübarizə ilə, azadlıq uğrunda çəkdiyi böyük fədakarlıqla yadda qaldı.

Baş verənləri öz obyektivindən dünyaya çatdıran məşhur fotoqraf Reza Deqatinin rolu isə danılmazdır. Onun Azərbaycan tarixindəki bu dönəmi əks etdirən çəkilişləri dəhşətli gecənin yalnız Azərbaycanda deyil, dünya miqyasında səs salmasına köməkçi oldu.

Qanlı 20 Yanvarın şahidi, fotoqraf Reza Deqati xatirələrini Metbuat.az-la bölüşüb.

O bildirib ki, 1990-cı il 20 Yanvar hadisəsini Parisdə eşidib. Sovet hökumətinin törətdiyi bu qətliamın xəbərini alar-almaz, dərhal hərəkətə keçərək bu faciəni dünyaya çatdırmaq üçün Bakıya getməyə qərar verir:

"Bu xəbəri aldığımda çox böyük təsir altında oldum. O zaman Ramiz Abutalıbov mənə zəng etdi. O, sovet UNESCO səfirliyində işləyirdi. Tanış idik bir-birimizlə. Mən neçə il əvvəl o və Elçin Əfəndiyevlə Bakıya gəlmişdim, əlaqələrimiz var idi. Səsi telefonda gərgin idi. Dedim "nə olub"? Dedi ki, biz gərək təcili görüşək, telefonda deyə bilməyəcəm. Getdim, biz görüşdük. Üzündə elə bir ifadə var idi ki... Soruşdum səbəbini, dedi ki, dünən tanklar insanların üzərindən keçib, Bakıda çox adam ölüb. Onda Azerbaycanda əhali silahsızlaşdırılmış, televiziya yayımı dayandırılmış və xarici jurnalistlərin girişi qadağan edilmişdi. Buna baxmayaraq, faciəni işıqlandırmaq üçün dərhal Bakıya getməyə qərar verdim. Parisdən birbaşa uçuş mümkün olmadığı üçün Moskvaya gedərək Sovet vizası almalı oldum. Dedim ki, mən orada opera çəkəcəm, onlar da mənə viza verdilər. Moskvaya çatdım, “Rossiya Otel”ində bir çox xarici jurnalistlərlə qarşılaşdım. Biz birlikdə hadisənin nə olduğunu öyrənmək və dünyaya çatdırmaq üçün planlar qurduq. Bir nümayəndə var idi, bizə vədlər verdi ki, sabah filan saatda hamınızı Bakıya aparacağıq. Mən əvvəllər də Əfqanıstanda, başqa yerlərdə olmuşam, nə qədər fotolar çəkmişəm. Bilirəm ki, sovetin sözlərinə nə qədər inanmaq olar, nə qədər olmaz. Fikirləşdim ki, vəziyyət belədir ki, bunlar heç vaxt bizi Bakıya aparmayacaq, burada bir hiylə var.

Bir gün qalırdı Bakıya getməyə. Təyyarə ilə getmək olmaz, gərək viza göstərəsən. O biri seçim isə qatar yolu idi. 2 qatar gedirdi Moskavadan Bakıya. Biri sürət qatarı idi ki, ona da gərək pasport, viza olaydı. Digəri isə uzun zaman çəkirdi, kəndbəkənd dayanırdı, 36, ya 48 saat vaxt alırdı. Onunla da gedə bilməzdik. Getdim nümayəndəliyə bildirdim ki, mən təyyarə ilə gələ bilməyəcəm, sağlığım yaxşı deyil. Elə onların gözündən bilinirdi ki, verdikəri sözlərin hamısı yalandır, belə bir şey olmayacaq. Sovet hökumətinin təklif etdiyi yalançı xəbərlərlə dolu təyyarə uçuşu məsələsi bizə bu hadisənin əslində necə əks etdirildiyini göstərdi. Biz azərbaycanlı dostlarla plan qurduq. Mən otağın açarını birinə verdim ki, biz qatarla gedəcəyik, amma siz hər gün gəlib bu otağı bir az qarışdırarsınız. Qoy elə bilsinlər ki, mən buradayam. Bilsələr ki, yoxam, onda yoxlamağa başlayacaqdılar. Biz 4-5 nəfərlə mindik qatara. Təhlükəni nəzərə alaraq qatarla və çox diqqətli şəkildə 48 saatlıq bir yol keçdik. Düşünürdük ki, heç kimlə lazımsız ünsiyyətə girməməliyik. Rus dilini bilmədiyim üçün "Mən azərbaycanlıyam" demək kimi cümlələri öyrəndim. Yolda bizi yoxlayacaq nəzarətçilərə hətta vodka hədiyyə verdik ki, yoxlanmasınlar".

Bakıya çatdıqda isə vəziyyət daha da gərginləşir. Komendant saatı yaxınlaşır, vağzalda çox sayda silahlı əsgər var və şəhər Sovet tankları ilə mühasirəyə alınıb. Reza Deqati öz həyatını təhlükəyə ataraq dostlarının köməyi ilə şəhərə daxil olur. Həmin anları Reza belə təsvir edir:

"Qatar Bakı stansiyasına çatdığı zaman, axşam vaxtı, komendant saatına yarım saat qalmış, silahlı əsgərlər bütün hərəkətləri yoxlayırdılar. Özümü İkinci Dünya Müharibəsi filmindəki bir kəs kimi hiss etdim".

Şəhər çox qorxulu idi, amma Reza fotolarını çəkərək bu dəhşətli hadisələri sənədləşdirməyə başlayır. Bütün təhlükələrə baxmayaraq, şəhərin müxtəlif yerlərində gizli şəkildə çəkilişlər aparır:

"Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə çəkilişlər etmək çox riskli idi. Ehtiyatlı davranmalıydıq, maşınlardan və binaların pəncərələrindən fotolar çəkəndə isə kameranı gizlətməyin yollarını tapmalıydıq. Şəhərdə demək olar, heç kəs yox idi. Biz bir evə çıxdıq və gördük ki, orada bir neçə nəfər toplaşıb. Biri var idi, ona deputat deyirdilər. Bizə yaxınlaşdılar və olanları danışmağa başladılar. Deyirdilər ki, vəziyyət çətindir. Əsgərlər hər yerdədir və əldə aparat görəndə tuturlar. Elə bu söhbətdəydik ki, 15-20 dəqiqə sonra 2 nəfər qapını döydü. Yanımızdakılar dedilər ki, bizdəndirlər. Açdıq, gördük ki, bizim bütün aparatları gətirib əlimizə verdilər. Sonra biz yatdıq, səhəri iki dənə "Lada" gəldi və biz bu "Lada"ların arxasında oturan adamların ayaqları altında gizləndik. Hərdən bizə deyirdilər ki, baxın. Görürdük ki, dəhşət... Hər yerdə əsgərlərdir, tanklardır. Hətta böyük yük maşınlarının üstündən belə tanklar keçib. Mən dünyanın hər yerində müharibə çəkmişəm, görmüşdüm belə səhnələri. Amma bu daha dəhşət idi. Elə vaxt olurdu ki, bizə deyirdilər burada çəkə bilərsiniz. Hətta xəstəxanaları, morqları, insanların üzünü gizlədərək çəkirdik".

Şəhər tamamilə kədər və yas içində idi. O, şəkillərini çəkərkən şəhərin hər tərəfi qırmızı və qara rənglərlə bəzənmişdi. "Qırmızı və qara" rənglər bu faciənin xatirəsi olaraq Deqatinin çəkdiyi şəkillərdə ölümsüzləşdi:

"Mənim ən yadda qalan görüntülərim yalnız qırmızı və qara rənglərdən ibarət idi. O vaxtlar şəhərdə hər şey qanla boyanmışdı. Xüsusilə şəhidlərin basdırıldığı qəbiristanlığa gedərkən insanlar məzarları örtən qırmızı qərənfillər və qara paltarlar ilə tamamilə dəyişmişdi. Helikopterlər izdihamı dağıtmaq üçün havada uçurdular. Amma biz bu kadrları çəkməkdən çəkinmədik. Təhlükəsizlik səbəbi ilə fotoaparatı gizlətməli idik və bunu bacardıq. Həmin anların çəkilişi çox böyük risk idi, amma dünya üçün də olduqca vacib idi. “Qara Yanvar” şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbrlərin üzəri qırmızı qərənfillər və qara paltarlar ilə örtülmüş şəhər parkında şübhələri üzərimizə çəkməmək üçün hər kəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdik. Çox az şəkil çəkirdim, amma dəqiqələrlə fikirləşirdim. Bir mənzərə də var idi ki, bir yaralı təzə ölmüşdü, onu basdırmışdılar. Anası da gəlib oturmuşdu orada, qara geyinmişdi, həmişə yadımdadır, qışqırırdı ki, ay Allah, məni də bunun yanında basdırın. Bu şəklə baxanda hələ də ürəyim titrəyir.

Biz artıq 3 gün idi ki, bunları çəkirdik və qərara gəldik ki, fotoları göndərək Parisə. Təyyarə ilə gələcək xarici jurnalistləri axtarırdıq, amma yox idilər. İşimizi qurtarmışdıq, amma yenə qatarla 36 saat yol getməli idik. O adamlar ki, bizə kömək etmişdilər, dedilər, biz sizə saxta sənədlərlə bilet alacağıq, amma aparatları göndərmək üçün başqa bir yol tapın. Biz aeroportda olanda 2 nəfər rus qız gəldi, onlarla razılaşdıq ki, aparatları siz çantanızda - paltarlarınızın arasında gizlədin. Biz gecə ilə Moskvaya çatdıq, qızlar da gəldilər orada aparatlarımızı bizə verdilər. Sabahı Moskvadan Parisə qayıtdıq".

Çəkdiyi fotoları Parisə çatdırdıqdan sonra bir neçə televiziya kanalı və radio stansiyası şəkilləri yayımlayır. Rezanın fotoları dünyaya yayılır və çox sayda media qurumu tərəfindən paylaşılır:

"18-dən çox televiziya kanalı və radio stansiyaları çəkdiyim fotoları yayımlayaraq dünya ictimaiyyətinə məlumat verdi. 20 mindən çox media qurumu "Sipa Press" foto agentliyinin vasitəsilə bu fotoları yaydı. Həmçinin 2014-cü ildə ingilis və fransız dillərində nəşr etdiyim "Günahsızların qətliamı" kitabımda 20 Yanvar və Xocalı faciələri ilə bağlı çəkdiyim məqamlar yer alır. Bu kitab dünyada geniş tanınır və "Qara Yanvar"ın beynəlxalq miqyasda tanınmasına da böyük kömək edib".

Reza Deqati bu təcrübənin öz həyatına və sənətinə böyük təsir etdiyini bildirib. O, 20 Yanvar hadisəsinin dünya miqyasında tanınması üçün verdiyi mübarizəni həyatının ən vacib məqsədlərindən biri kimi qiymətləndirir:

"Mənim üçün 20 Yanvar yalnız peşəkar bir təcrübə deyil, həm də şəxsi bir təcrübə idi. Həmin dövr mənə insanlığın dəyərini, müstəqillik və azadlıq uğrunda verilən mübarizənin əhəmiyyətini bir daha xatırlatdı. Bu hadisəni dünyaya çatdırmaq sadəcə bir fotoqraf olaraq işimi yerinə yetirmək deyil, həm də çox mühüm bir məsuliyyət idi. O günlərin izləri mənim sənətimdəki yanaşmamı və işimi daha dərindən qiymətləndirməyimə səbəb oldu".


MANŞET XƏBƏRLƏRİ