"Bir neçə ildir ki, "Kapital Bank"ın bu və ya digər əməkdaşı mənə təkidlə zəng vuraraq (hətta bezdirərək) müştəriləri olmağı təklif edir. Hər dəfə də imtina edirəm (yalnız həyat yoldaşımın istifadəsində olan xırda məbləğli kart var, onu da gedib bağlatdıracağam). Niyə? Çünki elə həftə yoxdur ki, bu bankın hansısa bədbəxt müştərisi mənə müraciət etməsin ki, hesabından (kartından) pul çəkiblər. Belə müraciətlərdə Azərbaycan Beynəlxalq Bankının müştəriləri də ikinci yerdədir (orada nəinki kartdan pul çəkirlər, hətta necəsə müştəridən xəbərsiz adına kredit də götürürlər). 26 dekabr tarixində Mərkəzi Bankın sədri ilə görüşdə də bu problemi qaldırmışam və demişəm ki, bu problem əsasən iri (sistem əhəmiyyətli) banklardadır. O da məsələnin nəzarətdə olduğunu bildirərək qeyd etdi ki, iri bankların əməliyyatları çox olduğu üçün belə problemlərin də sayı təbii çoxdur.
Turkustan.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, bir sıra orta və kiçik banklar var ki, onlarda belə problemlər olmur: "İri bankların əsas problemi odur ki, acgözdürlər, inhisara meyllidirilər, o qədər müştəri cəlb edirlər ki, nəticədə həcmi həzm edə bilmirlər, normal təhlükəsizlik sistemi qura bilmirlər, kadr potensialları olduqca zəifdir və s. Niyə? Ona görə ki, bu bankların rəhbərləri maaşdan əlavə yüksək mükafatlar (bonuslar) alırlar. Buna görə də xərcləri azaltmaq üçün əllərindən gələni edirlər: sıravi işçilərə az maaş verirlər, İT, təhlükəsizlik və digər sahələrə xərcləri kəsirlər. İlin sonunda bankın gəlirinin xərcindən xeyli çox olması üçün hər şey edirlər ki, mükafatlarının məbləği də yüz minlərlə ölçülən rəqəmlər olsun (mükafatları mənfəətə bağlıdır axı). Nəticədə bu bankarda xidmətin keyfiyyəti və təhlükəsizlik səviyyəsi aşağıdır. Bu da onları narahat etmir. Çünki inzibati resursdan istifadə edərək onsuz da geniş müştəri və maliyyə mənbələrinə malikdirlər (digər tərəfdən, onların bağlanma ehtimalı olmadığı üçün sahibkarlar da hesablarını orada saxlayır, çünki bilirlər ki, bank bağlandısa, Əmanətlərin Sığortlanması Fondu oradan onlara heç nə verməyəcək, olan-qalan pulun da başına daş salacaq!). İşləri məhkəməyə düşəndə də eyni qayda ilə bütün problemlərini həll edirlər". /Pravda.az/