“Texnologiyanın inkişafı ilə bərabər, kibertəhlükəsizlik təhdidləri də paralel olaraq artmaqdadır. Xüsusilə səs texnologiyalarında əldə edilən nailiyyətlər, dərin saxta (deepfake) texnologiyalarının gündəlik həyatda sui-istifadə edilməsinə şərait yaradır. Belə ki, dələduzların istifadə etdikləri saxta nömrə (spoofing) texnologiyası ilə zəng edən şəxsin real nömrəsi gizlədilir və istənilən ölkənin kodu və ya eyni nömrənin qarşı tərəfdə görünməsini təmin edə bilirlər. Bu, istifadəçidə rəsmi gələn zəng təəssüratı yaradır. Dələduzlar şəxsi nömrəyə zəng edərək, həmin şəxsin ailə üzvləri ilə onun səsi ilə danışmaq və ya bank hesablarından pul oğurlamaq kimi cinayət əməlləri məhz bu texnologiyaların nəticəsidir”.
Bu sözləri Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov keçmiş “Dəyirman” qrupunun solisti ABD Malikin adından ailə üzvlərinə zəng edib, onun səsi ilə ailədən pul istənilməsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, bu cür hücumların arxasında adətən dərin saxta texnologiyalar dayanır:
“Hücumçular bir şəxsin səsini müxtəlif mənbələrdən – sosial şəbəkə paylaşımlarından, videolardan və ya səs yazılarından toplayaraq xüsusi proqram təminatlarından istifadə edir. Bu texnologiyalar qısa müddət ərzində real insana çox bənzəyən səs nümunəsi yarada bilir. Hücumçu şəxsin yaxınlarını aldatmaq üçün həmin səsdən yararlanır və müəyyən məqsədlər üçün (məsələn, bank əməliyyatlarını təsdiqləmək və ya pul transfer etmək) sui-istifadə edir. Bu tip əksər hallarda bankın təhlükəsizlik mexanizmlərinin zəifliyi fırıldaqçılığa yol açır”.
Mütəxəssis Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin bank kartından oğurlanan vəsaitlə bağlı da fikir bildirib:
Hökumə Əliyeva və atası Cəlil Əliyev
“Əgər bank kifayət qədər təhlükəsizlik tədbiri görməyibsə, məsələn, əməliyyatlar üçün yalnız səs doğrulamasına əsaslanıbsa, şübhəli əməliyyatları vaxtında aşkarlayıb bloklamayıbsa, bu halda bankın birbaşa məsuliyyət daşıdığı iddia edilə bilər. Bankların əsas vəzifəsi müştəri məlumatlarını və maliyyə əməliyyatlarını qorumaqdır. Bu vəzifə yerinə yetirilmirsə, bank cinayətlərin baş verməsinə şərait yaratmış olur. Lakin bank bütün təhlükəsizlik tədbirlərini görüb, müasir sistemlərdən istifadə etsə belə, bəzən fırıldaqçılar müştərinin özünün diqqətsizliyindən də yararlana bilirlər”.
Bunlar hansı hallardır?
Nümunə olaraq:
1) Müştəri öz bank məlumatlarını və ya doğrulama kodlarını ehtiyatsızlıqla başqaları ilə paylaşırsa;
2) Sosial mediada çoxlu şəxsi məlumatlarını açıq paylaşıb fırıldaqçılara şərait yaradırsa;
3) Şübhəli zənglər və ya mesajlar aldıqda ehtiyatlı davranmırsa, bu kimi bir neçə suallar ortaya çıxır.
E.Həsənov deyib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atasının hadisəsi ilə bağlı bu məsələdə bankın məsuliyyətinin olub-olmadığını təyin etmək üçün ilk öncə aşağıdakı suallar cavablandırılmalıdır:
Elvin Həsənov
1) Bank əməliyyatların təsdiqlənməsi üçün hansı təhlükəsizlik mexanizmlərindən istifadə edib?
2) Fırıldaqçıların əməliyyatları necə həyata keçirdiyi müəyyənləşdirilibmi?
3) Bank şübhəli əməliyyatları aşkarlamaq üçün qabaqlayıcı tədbirlər görüb və ya xəbərdarlıq edibmi?
Əgər bank yalnız səs doğrulamasına əsaslanıb və ya şübhəli məbləğdə əməliyyatları yoxlamadan təsdiqləyibsə, bu, birbaşa bankın zəifliyidir və günahkar sayılır. Əks halda, müştəri diqqətsizliyindən istifadə olunubsa, məsuliyyət qismən müştərinin üzərinə düşə bilər”.