Dələduz kimin hansı bankın müştərisi olduğunu necə öyrənir? Məlumatlar sızdırılır? - MÜSAHİBƏ


Son dövrlər regionda, dünyada və ölkəmizdə baş verən kibertəhdidlər və kibercinayətlər, bu istiqamətdə müasir çağırışlar, rəqəmsal bankçılıq və qarşıdan gələn 5G təhdidləri, yəni, əşyaların internetə inteqrasiyası fonunda baş verə biləcək cinayətlərin artma ehtimalı insanları əhəmiyyətli dərəcədə narahat edir.

Texnologiyanın inkişafı həyatımıza nə qədər müsbət təsir etsə də, bəzən gətirdiyi son yeniliklər dələduzlara fürsət tanıya bilir. Zəmanənin qlobal problemlərindən olan kiberdələduzluq ölkəmizdə də geniş vüsət alıb. Vətəndaşlar istifadə etdikləri “WhatsApp” və “Telegram” kimi sosial şəbəkə vasitələrində naməlum nömrələr tərəfindən hücumlara, təhdidlərə, şübhəli müraciətlərə və şikayətlərə məruz qalırlar. Hətta vətəndaşlar özləri demədən belə qarşı tərəf onların şəxsi məlumatlarını öyrənə bilir.

Dəfələrlə aidiyyəti qurumlar tərəfindən xəbərdarlıqlar olunmasına baxmyaraq, bu problemlə üzləşən vətəndaşların sayı hər gün artır.

Azərbaycanda kibercinayətkarlıqla mübarizə aparan bir neçə qurumlar var. Hazırda ölkəmizdə kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərlə Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi məşğul olur.

Elə bu gün gündəmi bürüyən xəbər bu məsələni bir daha qabartdı. Belə ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Quliyev mediaya açıqlamasında dələduzların qurbanı olduğunu və kartından 80 min 507 manat pulun çəkildiyini bildirdi. Pulu oğurlayan şəxs özünü Kapital Bankın əməkdaşı kimi təqdim edib.

Daxili İşlər Nazirliyi (DİN) Milli Qəhrəman Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxsləri müəyyənləşdirərək, zərərin ödənilməsini təmin etdi, lakin yenə də ortaya müəyyən suallar çıxır.

Turkustan.az olaraq bu suallara cavab tapmaq üçün İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımova suallarımızı ünvanladıq.

Son zamanlar ölkədə kiberdələduzluq halları artıb, bu dələduzların qurbanı olmamaq üçün hansı addımları atmalıyıq?

Bilirsiniz ki, ölkədə internet istifadəçilərinin sayı günü-gündən artır, artıq rəqəmsallaşma bizim həyatımızın bir parçasına çevrilib. Dələduzlar da artıq rəqəmsallaşır, çünki bu zaman izləri itirmək çox asandır. Çox maraqlıdır ki, biz tanımadığımız insanlara qapını açmırıq, ancaq telefonda həmin şəxslərə məlumatlarımızı, kart hesablarımızı rahatca deyə bilirik, inanırıq. Bu da onu göstərir ki, bizim rəqəmsallaşma ilə bağlı məlumatımız çox azdır. Vətəndaşlar aldanmamaq üçün tanımadığı şəxslərə etibar etməməlidir, hər zəng vurana, hər mesaj yazana inanmalıdır. İnsanlar bu mövzuda yetəri qədər mariflənməlidir ki, sadəlövh şəkildə bu cür dələduzlara aldanmasınlar.

Bankların adından sui-istifadə hallarında məsuliyyəti kim daşıyır?

Dələduzlar o bankların adından istifadə edir ki, həmin bankların potensial müştəriləri çoxdur. Elə mənim özümü də bir sual düşündürür ki, bu dələduzlar hardan bilir ki, kim hansı bankın müştərisidir və onun bank hesabında nə qədər pul var. Bu məlumatlar haradansa sızdırılır, həmin nöqtələr hüquq-mühafizə orqanları tərəfindən axtarılıb, araşdırılmalıdır. Belə çıxır ki, banklar öz müştərilərinin təhlükəsizliyini yetəri qədər təmin edə bilmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ