Üç qurum yeni nazirlikdə birləşdirilə bilər - Vahid Əhmədov


Bir müddət əvvəl Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. Maliyyə naziri postuna isə hələ ki heç kim təyin olunmayıb. Belə fikirlər dolaşır ki, Maliyyə Nazirliyi, Gömrük Komitəsi və Vergilər Xidməti birləşdiriləcək, onların bazasında yeni dövlət qurumu - Milli Gəlirlər Nazirliyi yaradılacaq.

VI çağırış Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov iddiaları Modern.az-a şərh edib. O bildirib ki, Samir Şərifov artıq uzun illər idi ki, nazir postunu tuturdu:

“Bu müddət ərzində onunla çox təmasda olmuşuq. Kifayət qədər təcrübəli, savadlı iqtisadçıdır. Həmişə Milli Məclisdə qaldırılan bütün məsələlərə öz fikrini bildirib. Dövlət büdcəsinin müdafiəsində öz mövqeyi olub. Maliyyə naziri kimi əsasən büdcənin xərc hissəsinə diqqət yetirib. Büdcənin xərc hissəsini müəyyən qədər qoruyub saxlamaq maliyyə nazirinin vəzifəsidir. Ona da Samir Şərifov nail olub. İndi də Baş nazirin müavini təyin edilib. Bu, kifayət qədər yüksək vəzifədir. İndiyə qədər İqtisadiyyat Nazirliyi ilə sıx əlaqədə olub. Məhz bu səbəbdən son dövr ərzində büdcə kəsiri aşağı olub. İndi isə o, Baş nazirin müavini təyin olunub. İnanıram ki, bu vəzifədə də öz biliklərini lazımınca istifadə edəcək, Azərbaycan dövlətinin iqtisadi inkişafı üçün çalışacaq. Samir Şərifov kifayət qədər təcrübəli kadrdır. Dövlət başçısı ondan yaxşı istifadə edir”.

V.Əhmədov bir sıra dövlət qurumlarının Maliyyə Nazirliyinin tərkibində birləşdirilməsi məsələsinə də toxunub:

“Deyirlər ki, guya Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Vergilər Xidməti birləşdiriləcək və Milli Gəlirlər Nazirliyi yaradılacaq. Bu variant da qəbulolunandır. Doğrudan da, Maliyyə Nazirliyi əsasən büdcənin gəlir hissəsini məhz gömrük və vergidən əldə olunan vəsaitlərlə tənzimləyir. Hər iki qurumun Maliyyə Nazirliyinin tabeliyinə verilməsi məsələsinə baxıla bilər. Bu isə dövlət başçısının səlahiyyətində olan məsələdir. Onsuz da Azərbaycanda mütəmadi olaraq, iqtisadi islahatlar gedir. Müəyyən islahatlar çərçivəsində birləşdirilmə və ayrılma, yeni kadrların cəlb edilməsi baş verir.

Qeyd edim ki, əvvəllər Vergilər Nazirliyindən çoxlu şikayətlər vardı. Vergilər Nazirliyi Xidmətə çevriləndən və İqtisadiyyat Nazirliyinin tərkibinə veriləndən sonra çox müsbət addımlar atıldı. Bu da iqtisadiyyat naziri Mikayıl Cabbarovun fəaliyyəti nəticəsindən baş verdi. İndi vergilərlə bağlı əvvəlki narazılıqlar faktiki olaraq yoxdur. Orada kifayət qədər aşkarlıq prinsipinin həyata keçirildiyini deyə bilərəm.

Şahin Bağırov Gömrük Komitəsinin sədri təyin olunanda da müsbət addımlar atılıb. Dövlət büdcəsinin formalaşmasında hər iki qurumun rolu böyükdür. Çünki büdcəyə daxilolmalar əsasən bu qurumlar vasitəsilə baş tutur. Dövlət başçısı yəqin ki, bütün bu məsələləri götür-qoy edəcək”.

Vahid Əhmədov Azərbaycanın hazırki maliyyə vəziyyətindən və gələcək proqnozlardan danışıb:

“Hazırda Azərbaycanın maliyyə tutumu normaldır. Hər hansı problem yoxdur. Manatın məzənnəsi də sabit saxlanılır. Yanvarın 20-də ABŞ-nin yeni prezidentinin andiçməsindən sonra nələr olacaq, baxacağıq. Çünki Donald Tramp söz vermişdi ki, neftin qiyməti təqribən 40 dollara enəcək. Bu baş verərsə, Azərbaycanda da müəyyən qədər problemlər yaşana bilər. Amma qeyri-neft sektorumuz faktiki olaraq müəyyən qədər inkişaf edir. Bu sahəyə daha çox diqqət ayırmalıyıq.

Neftin qiymətinin aşağı düşməsi müəyyən problemlər yarada bilər. Ukraynada Rusiya qazının ixracına embarqo qoyulması, Rusiyadan Avropaya qaz ixracının azalması Azərbaycanın rolunu faktiki olaraq artırır. Qazın istehsalı və ixracı ilə əlaqədar Azərbaycan önə çıxa bilər. Bu da ölkəmiz üçün kifayət qədər müsbət addımlara gətirib çıxara bilər.

Hesab edirəm ki, 2025-ci il həm siyasi, həm də iqtisadi baxımdan kifayət qədər təzadlı olacaq. Biz müəyyən problemləri həll etməyə çalışmalıyıq. Çünki bizi əsas narahat edən məsələ insanların sosial vəziyyətidir. Sosial vəziyyətlə bağlı 2025-ci il büdcəsində müəyyən məsələlər nəzərdə tutulub. Onlar yerinə yetiriləcək. Çünki dövlətin ehtiyyatları kifayət qədərdir. Hətta neftin qiymətində azalma olsa da, ondan istifadə etmək mümkündür. Gələcəkdə neftin qiyməti aşağı düşərsə, müəyyən problemlər yarana bilər”.


MANŞET XƏBƏRLƏRİ