Trampın səsli-küylü qayıdışı: Bu gəliş Azərbaycana və dünyaya nə vəd edir? - MÜSAHİBƏ


Dörd il əvvəlki seçkilərdə qələbəsinin əlindən alındığını iddia edən və ötən müddətdə nəyin bahasına olursa-olsun prezidentlik postunu yenidən qazanacağını vəd edən Donald Tramp 2021-ci ilin yanvarında tərk etdiyi Ağ Evə geri dönür.

O, ABŞ-da hakimiyyətə ikinci dəfə fasilə ilə gələn ikinci prezidentdir. İlk dəfə Stiven Qrover Klivlend Ştatların 22-ci və 24-cü dövlət başçısı seçilib. Birinci dəfə o, 1885-ci ildən 1889-cu ilə qədər prezident olub. İkinci dəfə isə 1893-1897-ci illərdə bu vəzifəyə seçilib.

Donald Tramp isə 2016-2020-ci illərdə prezident olub. Bu ildən sonra fövqəladə hal baş verməzsə, ABŞ-ın 45-ci və 47-ci prezidenti 2028-ci ilədək daha dörd il bu vəzifəni icra edəcək.

Trampın Ağ Evə qayıdışı dünyada geosiyasi və hərbi toqquşmaların kəskinliyinin kuliminasiya nöqtəsinə təsadüf edir. O, dəfələrlə çıxışlarında Rusiya-Ukrayna müharibəsini bir gün içərisində həll edəcəyini, yeni müharibələrin başlamasına izn verməyəcəyini bildirib. İndi Ağ Evin yeni rəhbəri hadisələrə yeni yanaşma gətirməyə məcburdur.

Turkustan.az olaraq ikinci dəfə hakimiyyətə gəlməsinə sayılı günlər qalmış Donald Trampın geridönüşünün dünyaya və ölkəmizə nələr vəd etdiyini öyrənmək üçün suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsi rəsmi Bakı üçün nə vəd edir? 2 ölkə arasında nə kimi yeniliklər olacaq?

Trampın hakimiyyətə qayıtması bütün dünyada diqqətlə izlənilir və bir çox ölkələr Amerika siyasətində müəyyən dəyişikliklər olacağını gözləyir. Təbii ki, Azərbaycan da son 4 ildə Amerika ilə yaşanan gərgin münasibətlər fonunda yeni administrasiyanın Güney Qafqaz siyasətində o cümlədən Azərbaycanla münasibətində konstruktiv məcraya qayıdacağını düşünür və bunu arzulayır.

Trampın ilk hakimiyyəti dövründə açığı biz bunu görməmişdik, çünki həmin vaxt Trampın özünün əsas strateji hədəfləri var idi. Ancaq elə o dövrdə də hər iki dövlət arasında münasibətlər normal axarında idi. Azərbaycan prezidenti açıq şəkildə ifadə edib ki, bu gün ABŞ-Azərbaycan arasındakı münasibətlərin inkişaf etdirilməsi üçün zəmin var. Çünki Azərbaycan bu illər ərzində bölgədə yeni reallıqlar yaradıb və əhəmiyyətli coğrafı, strateji mövqeyə malikdir. Nəzərə alsaq ki, Azərbaycan həm də nəqliyyat dəhlizlərinin qovşağı rolunda çıxış edir, bu baxımdan ümid edirik ki, Amerikanın yeni administrasiyası Bayden administrasiyasından fərqli siyasət yürüdəcək.

ABŞ-İRAN arasındakı münasibətlərdə hansı dəyişikliklər olacaq? Müharibə gözləniləndirmi?

Donald Trampın İrana münasibəti əvvəlki hakimiyyəti dövründən bəllidir. Düşünürəm ki, İran artıq Trampın sərt xətt tərəfdarı olduğunu bildiyindən onun prezidentliyi dövründə addımlarını daha diqqətlə, ölçüb-biçərək atacaq. Çalışacaq ki, Amerikanın qəzəbini öz üzərinə çəkməsin. Məhz İran prezidentinin Qərb mətbuatına verdiyi müsahibəsində də biz həmin çalarları aydın şəkildə gördük. İran yaxşı bilir ki, Baydendən fərqli olaraq Tramp daha qətiyyətli və cəsarətl qərarlar qəbul etmək iqtidarındadır. Ona görə də İran kifayət qədər ehtiyatlı davranmağa çalışacaq. Çox güman ki, Tramp da hazırkı vəziyyətdə İranla qarşıdurmada maraqlı deyil.Trampın əsas diqqətinin Çinlə olan münasibətə eləcə də Ukrayna-Rusiya müharibəsinə yönələcəyini düşünürəm.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ