ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında xartiya qeyri-müəyyənliklər və ciddi risklərlə dolu olan sənəddir.
Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
Ekspert xatırladıb ki, ABŞ-Ermənistan sazişi Vaşinqtonda hakimiyyət dəyişikliyindən altı gün əvvəl imzalanıb:
“ABŞ-Gürcüstan strateji əməkdaşlıq sənədi 2009-cu il yanvarın 9-da (Corc Buş dönəmində) imzalanmışdı, yanvarın 20-də Barak Obama rəsmən prezident olmuşdu. Yəni administrasiya dəyişikliyinə 11 gün qalmış sənəd imzalanmışdı. Bu, ABŞ-də bizim tipli ölkələr üçün gedən administrasiyaların gördükləri işlərin tanınması üçün belə sənədləri imzalaması ənənəsinin olduğunu göstərə bilər. Əgər Gürcüstan üçün bu, ərazi itkiləri və Rusiya ilə münasibətlərin ciddi şəkildə pisləşməsinə səbəb olan Saakaşvilinin avantürist və çılğın anti-rusizminə bir "jest" idisə, onda bunu Ermənistan üçün də Rusiya ilə münasibətlərin ciddi şəkildə kəskinləşməsi və gələcək ərazi itkiləri üçün “bonus” hesab etmək olar”, - ekspert bildirib.
Ovannisyan qeyd edib ki, sənədi imzalayan administrasiyanı kimin əvəzləməsi də az əhəmiyyət kəsb eləmir:
“Demokrat Obama ayrı mövzudur, respublikaçı Tramp inqilabi baxışları ilə tamam başqadır. Ola bilsin, Tramp bu sənədi ümumiyyətlə xatırlamasın və regionumuzda praqmatik münasibətlər qursun, ya da Cənubi Qafqazı heç vecinə almasın. Belə olan halda region ölkələri və Rusiya ilə münasibətlərimiz pisləşəcək”.
Politoloq əlavə edib ki, bundan sonra ABŞ-nin türklərlə döyüşmək üçün bölgəyə qoşun göndərəcəyinə inanmaq sadəlövhlükdür./teleqraf.com