“Qara qutu”dakı məlumatlar Rusiyanın əlinə keçib? – Lavrovun bəyanatındakı qaranlıq məqamlar


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarə barədə açıqlaması müzakirələrə səbəb olub. Deyib ki, Moskva ilə Bakı istənilən məsələni, həmçinin məlum qəzası ilə bağlı yaranmış problemi həll edə bilər. Hətta o, qəzanın səbəbləri ilə bağlı isteriya yaratmamaq barədə çağırış edib.

Sitat: “Qara qutu”ların məzmunu ilə bağlı artıq çox sayda məlumatlar təqdim edilib. Biz tamhüquqlu araşdırmanın nəticəsini gözləməli və həqiqətə uyğun gəlməyən məlumatları mətbuatda yayaraq vəziyyəti gərginləşdirməməliyik. Təhqiqat başa çatana qədər gözləmək vacibdir. “Qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir”.

Lavrovun “qara qutular”la bağlı dedikləri nəyə işarədir? Ordakı deşifrə olunmuş məlumatlar Rusiya tərəfinə verilib?

Globalinfo.az-a danışan Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, politoloq Vəli Əlibəyov deyib ki, “qara qutu”lardakı məlumatların Rusiya tərəfinə ötürülməsini istisna etmək olmaz.

O, təyyarədə olan izləri hər kəsin gördüyünü qeyd edib:

“Bununla belə, inanmıram ki, “qara qutu”lardakı məlumatlar Rusiya tərəfi üçün ürəkaçan olacaq. Təyyarənin gövdəsindəki izləri bütün dünya görüb. Həmçinin, AZAL-ın təyyarəsi Rusiya Federasiyasının hava məkanında olarkən hücuma məruz qalıb, bu hala düşüb və məhz Rusiya tərəfinin ona öz ərazisində enişə icazə verməməsi nəticəsində belə bir faciə baş verib. Bəlkə də, təyyarəyə yaxınlıqdakı digər hava limanına eniş etməyə icazə verilsəydi ekipajın yüksək professionallığı bütün sərnişinlərin sağ qalmasıyla nəticələnərdi. Lakin Rusiya tərəfi təyyarəni dəniz üzərindən Qazaxıstana, yəni birbaşa ölümə yönləndirdi…”.

veli elibeyov

Vəli Əlibəyov

Politoloq deyib ki, Rusiya bu gün Azərbaycanın ondan nəsə tələb etməsini qəbul edə bilmir:

“Sergey Lavrovun dediklərinə gəldikdə isə, hər dəfə olduğu kimi, bu dəfə də Rusiya rəsmisi imperiya düşüncəsinin daşıyıcısı olduğunu ortaya qoyub. Rusiya tərəfi vaxtilə onun müstəmləkəsi olmuş, hazırda isə müstəqil xarici siyasət yürüdən güclü Azərbaycanın ondan nəsə tələb etməsini qəbul edə bilmir. Bu səbəbdən də Lavrov məlum çıxışı ilə rəsmi Bakını daha “ağıllı” davranmağa, yəni Rusiyaya qarşı haqlı tələb irəli sürməməyə çağırır”.


MANŞET XƏBƏRLƏRİ