Xəbər verdiyimiz kimi gələn həftə sərhəd təhlükəsizliyini təmin etmək istiqamətində birgə iş aparmaq üçün ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcək.
Ötən gün Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
İlk növbədə Amerika sərhəd mühafizə qrupunun İranla sərhədə yerləşdiriləcəyi gözlənilir.
Turkustan.az olaraq məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyliyə bir sıra suallar ünvanladıq.
ABŞ-la Ermənistan arasında bağlanan sazişə İranın münasibəti necə olacaq?
"İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqələr qurmaq istəyir. Onlar Tramp administrasiyası ilə müəyyən əməkdaşlığa ümid edir və bu sahədə resursların tükənmədiyi qənaətindədirlər. İranın Azərbaycanla xarici siyasətindən fərqli olaraq, mövzu ABŞ olduğu zaman İran üçün heç bir "qırmızı xətt" yada düşmür".
Bu məsələ ilə bağlı Azərbaycana qarşı hansısa təhdidlər gözlənilirmi?
"Bayden administrasiyası Ermənistanı silahlandırmaqla həm sərhəddə öz gücünü nümayiş etdirir, həm də Ermənistan-Azərbaycan münasibətlərində birbaşa maraqlı olduğunu göstərir. Hətta mən düşünürəm ki, bura müəyyən qədər Türkiyə də aiddir, çünki ehtimal var ki, PKK Ermənistanla əməkdaşlıq yaratsın. Belə olduğu halda Azərbaycana qarşı da müəyyən təhdidlər gözlənilir".
Aytən Yaşar/ Turkustan.az