TikTok və mərc oyunları: Gəncliyin GİZLİ FACİƏSİ


"Bugünkü gənc nəsil üçün iki əsas təhlükə var: şagirdləri sosial mediada, xüsusilə TikTok-un mənfi təsirləri ilə, tələbələri isə mərc oyunlarının cəlbedici, amma məhvedici tələsi ilə üz-üzə qoymuşuq. Hər iki hal onların intellektual və mənəvi inkişafına böyük zərbə vurur".

Turkustan.az bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, bu problemin qarşısı alınmazsa, ciddi təhlükələrə gətirib çıxara bilər:

"TikTok şagirdləri asan əyləncə ilə aldadaraq, onların diqqətini uzun müddətli məqsədlərdən uzaqlaşdırır. Təhsil üçün vacib olan konsentrasiya və dərin düşüncə qabiliyyətlərini itirən gənclər, günübirlik trendlərə qapılaraq vaxtlarını mənasız videolarla keçirirlər. Eyni zamanda, TikTok vasitəsilə yayılan qeyri-sağlam məzmun onların əxlaqi dəyərlərini zəiflədir.

Tələbələr arasında mərc oyunları isə başqa bir faciədir. Gələcəyini qurmağa çalışan gənclər bu oyunların asılılığına düşərək, həm maddi, həm də mənəvi baxımdan ciddi itkilər yaşayır. Tələbə kreditləri və ya ailə büdcəsini riskə atan gənclər, qumar tələsinə düşərək həyatlarını və gələcəklərini məhv edirlər.

Bu problemlərin qarşısını almaq üçün təkcə valideynlər deyil, cəmiyyət olaraq hamımız məsuliyyət daşıyırıq. Maarifləndirmə kampaniyaları ilə sosial medianın və mərc oyunlarının yaratdığı təhlükələri izah etməli, gənclərə sağlam həyat tərzi və məqsədyönlü həyat haqqında düşünməyi öyrətməliyik. Əks halda, bu tələlər bizim gələcək nəslimizi bədbəxt edəcək". /musavat.com/


MANŞET XƏBƏRLƏRİ