Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Zəngəzur dəhlizinin açılması məsələsinə toxunub. Ölkəmizin başçısı Zəngəzur dəhlizinin açılmalı olduğunu və açılacağını deyib. Bununla belə Ermənistan hələ də dəhlizlə bağlı real addım atmır. Belə davam edəcəyi halda Azərbaycan hərbi yola əl ata bilərmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Zəngəzur dəhlizinə əsas mane olan ölkə İrandır:
“Cənab Prezident öz çıxışında da Zəngəzur dəhlizinin açılması məsələsinə toxunmuşdu. Üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı maddə var. Dəhliz Azərbaycan əraziləri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən quru yoludur. Vaxtilə Qarabağ məsələsində, Birinci Qarabağ Müharibəsi zamanı məlum idi ki, Türk dövlətləri arasında quru sərhədinin olmamasına çalışırdılar. Buna da nail olmuşdular. Zəngəzur dəhlizinin açılmasına mane olan əsas ölkə İrandır. Digər havadar dövlətlər də dəhlizin açılmasını istəmir. Bununla əlaqədar düşünrəm ki ciddi addımlar atılır. Yüklər Çindən Avropaya bu dəhliz vasitəsilə daşınmalıdır. Bu dəhlizin strateji, iqtisadi, hərbi əhəmiyyəti göz qabağındadır”.
Komitə sədri vurğulayıb ki, İrana, Ermənistana və onun digər havadarlarına təzyiq göstərilməlidir:
“Əlbəttə, dəhliz danışıqlar yolu ilə açılsa, bu mühüm məsələ kimi qeyd olunacaq. Bizim bu məsələdə mövqeyimiz və təkliflərimiz qüvvəsində qalır. Əks halda bizim Zəngəzur dəhlizinin açılması üçün hərtərəfli gücümüz və imkanımız var. İrana, Ermənistana və onun bütün havadarlarına təzyiq göstərilməlidir. İzah edilməlidir ki, bu yol beynəlxalq yoldur. Burada həm regional ölkələrin, həm də Çin və digər ölkələrin maraqları var. Müxtəlif açıqlamalarla yalnız digər kommunikasiyaların açılmasını dilə gətirən Paşinyan unutmamalıdır ki, dediyi məsələlər sülh sazişi imzalanandan sonra da həll oluna bilər. Amma Zəngəzur dəhlizi mütləq açılmalıdır və açılacaq”.