İranın Ali dini lideri Ayətullah Əli Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi və bölgənin cümə imamı Həsən Amuli ölkə mediasında tənqidlərə məruz qalıb.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Amulinin iştirakı ilə 29 dekabrda keçirilən mərasimdə Bakı və Ankaraya qarşı işlədilən təhqiramiz ifadələrə görə İran hakimiyyətini tənqid etməsindən sonra yerli mətbuatda imamın əleyhinə məqalələr yayımlanmağa başlayıb. Amulinin təhqiramiz ifadələri əxlaq, ədəb qaydaları və şəriət qanunlarına ziddi adlandırılıb.
Tehran Amulinin Bakı ilə münasibətlərin düzəlməsi üçün qurban verir?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ərdəbilin cümə imamının açıqlaması İranın indiki rəhbərliyini çox çətin vəziyyətə salır:
“Amuli hələ də keçmiş havanı oynayır. Bunun üçün o havanı çalan da İran İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Lakin həmin şəxslər unudurlar ki, artıq dövr əvvəlki deyil. İran geosiyasi müstəvidə məğlub ölkə durumundadır. Proksi qüvvələri başını itirib, Suriyada məğlubiyyətə uğrayıb.
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi də onlar üçün çox ağır sınaq və ciddi nüfuz itkisi idi. Ardınca HƏMAS-ın növbəti lideri Yəhya Sinvar da zərərsizləşdirildi. Hazırda Fələstinin bu qruplaşması rəhbərsiz fəaliyyət göstərir.
Həmçinin “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi də Tehran üçün çox ağır zərbə oldu. Bunun ardınca isə Suriyadakı Bəşər Əsəd rejimi süqut etdi. Beləlilə, İranın proksi qüvvələrlə quru yolu kəsilmiş oldu”.
Zeynal Əmrəliyev
Politoloq bildirib ki, ABŞ-da yeni seçilmiş Prezident Donald Trampın hakimiyyətə qayıdışı Tehran üçün vəziyyəti daha da mürəkkəbləşdirir:
“Yəni bu gün hər şey İranın əleyhinə işləyir. Belə olan halda onlara düşmən lazımdırmı? Amuli kimi arxaik fiqurların ifadələri dövlətin özünü pis vəziyyətdə qoyur. İranda hazırda mühafizəkar və islahatçılar arasında ciddi şəkildə mübarizə gedir. Mühafizəkarlar və SEPAH Prezident Məsud Pezeşkianı qəbul etmirlər. Bu mübarizə fonunda çalışırlar ki, onun xarici siyasət kursuna mane olsunlar. Ancaq sözügedən məsələ Azərbaycanı maraqlandırmır, İranın daxili işidir və kim kiminlə siyasi mübarizə aparırsa, özü bilər. Bakını maraqlandıran mövzu ölkəmizə qarşı bu kimi bəyanatların verilməməsidir. Əgər Amuli və ya digər kimsə bu şəkildə danışacaqsa, cavabını da artıqlaması ilə alacaq”.