Yazıçı Gülzar İbrahimovanın Ağdaş və Zərdab rayonlarının oxucuları ilə görüşləri keçirildi


Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Ağdaş və Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Mərkəzi Kitabxanalarının təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində və Zərdab rayon Heydər Əliyev Mərkəzində uşaq yazıçısı, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülzar İbrahimova ilə görüşlər keçirildi. Balaca oxucular sevimli Gülzar nənələrini alqışlarla qarşıladılar. Tədbir iştirakçılarına uşaq yazıçısı, şair Gülzar İbrahimovanın yaradıcılığı və yeni əsərləri haqqında məlumat verildi. Qeyd olundu ki, G.İbrahimova bütün həyatını, yaradıcılığını uşaqlara həsr edir, heç bir uşağı unudub kənarda qoymur, uşaqlara diqqət yetirərək onların qəlblərini sevindirir və üzlərini güldürərək sehrli nağıllar aləminə apararaq onların dünyagörüşünü artırır. Ağdaş rayon MKS-nin direktoru v.m.i.e. Sevgili İbrahimova və Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva qonağı salamladılar və vurğuladılar ki, belə görüşlərin keçirilməsi vacib və zəruridir. Uşaqlar Gülzar İbrahimovanın əsərlərindən kompozisiya və səhnəciklər göstərdilər. Yazıçının Vətənə, torpaqa, şəhidlərə, anaya, bayrağa həsr olunmuş şeirlərini söylədilər, onun sözlərinə yazılmış mahnılar, rəqslər ifa etdilər. G.İbrahimovanın uşaqlar tərəfindən səhnələşdirilmiş “Vəfalı dostlarla sehrli cinin nağılı”, “Tənbəl dovşan” və b. nağıllar uşaqların alqışlarına səbəb oldu. Zərdab rayon Mərkəzi Kitabxanasının əməkdaşı, gənc yazar Leyla Yaşarın da çıxışı maraqla qarşılandı. O, yazıçıya səmimi görüşlərə görə təşəkkür etdi və ona yaradıcılıq uğurları arzuladı. Görüşdə iştirak edən Aylin Xəlilli yazdığı “Dələnin nağılı”nı səsləndirdi, Zeynəb Bağırova “Sülhə salam” şerini musiqi ilə ifa etdi. Onların hər ikisi Gülzar İbrahimovadan xüsusi hədiyyə aldılar. Zərdablı oxucular “Qədim Azərbaycan” krossvordunda iştirak edərək “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin “Qızıl açar” Diplomuna layiq görüldülər. Yazıçı 11 №-li Ağdaş şəhər Körpələr Evi-Uşaq Bağçasına da dəvət olundu, orada körpə fidanlarla səmimi görüş keçirdi və onlara “Cücənin nağılı”nı danışdı, fillər haqqında nağılını səhnəcik şəklində göstərdi. O, "Bağçamız", "Ana dilim", "Sağol ey Vətən!" mahnılarını uşaqlarla birgə ifa etdi, uşaqlar arasında tapmaca müsabiqəsi keçirdi. Qaliblərə hədiyyələr, bağçaya isə kitablar hədiyyə etdi. Yazıçı Gülzar İbrahimova uşaqlara yeni yazdığı şeirlərini söylədi, onlara maraqlı hədiyyələr verdi. Ağdaş rayon Heydər Əliyev Mərkəzində G.İbrahimovanın yaradıcılığına həsr olunmuş kitabxanaçılar tərəfindən hazırlanmış videoçarx nümayiş olundu. Görüşlərdə fəal oxucular, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar, müəllim və valideynlər, Ağdaş və Zərdab rayon MKS-nin əməkdaşları iştirak etdilər. Görüşdən sonra yazıçı Ağdaş və Zərdab rayon Mərkəzi Kitabxanalarının Uşaq şöbəsində oldu, çoxsaylı kitablarını kitabxanalara hədiyyə etdi.


MANŞET XƏBƏRLƏRİ