Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ – Saxta məmulatlar bazara necə AYAQ AÇIR?


Xəbər verdiyimiz kimi qızılın qiyməti durmadan bahalaşır. Beləki, son bir il ərzində qızılın bir qramının qiyməti 59 dollardan 86 dollara qədər yüksəlib. Birjalarda qızılın bahalaşması bu gün də davam edir. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,08% və ya 2,1 dollar artaraq 2,634.00 ABŞ dollarına bərabər olub.

Proqnozlara görə, belə vəziyyətdə bir troya unsiya qızılın dəyəri 3000 dolları ötə bilər. Beləcə qızılın bir qramı 100 dollar civarında satılar.

Təbii ki, qızılın qiymətinin bahalaşması işbazları hərəkətə gətirib. Xüsusilə də, bazara aşağı keyfiyyətli qızıl məmulatlarının daxil olması ilə bağlı iddialar mövcuddur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, qiymətlərin bahalaşması fonunda belə halların baş verməsi gözləniləndir:

“Təbii ki, belə hallarla rastlaşan alıcı ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət etməlidirr. Çünki belə hallarda cinayət tərkibi var. Bu sırf dələduzluqdur.

Nəzərə alaq ki, hər məmulatın üzərində əyar var. Əgər alınan qızıl məmulatı həmin əyara cavab vermirsə, bu artıq fırıldaqçılıqdır. Qızılın keyfiyyətini yoxlamaq üçün bir sıra ünvanlarda, o cümlədən “Şərq bazarı”nda kifayət qədər imkanlar var. Burada yoxlanış zamanı müəyyən etmək olar ki, məmulat üzərində göstərilən əyara uyğundur, yoxsa aşağı keyfiyyətdədir.

Burada bir həssas məqam da var.

Ola bilsin ki, alıcı satıcı ilə razılığa gələrək, münasib qiymətə və daha aşağı əyara malik məmulat əldə edir. Belə hallar da ola bilər. Bu vəziyyətdə qiymət daha əlçatan olur. Amma keyfiyyət aşağı düşür. Bununla belə, yuxarı əyar adı ilə müştəriyə aşağı keyfiyyətli məmulat satılırsa, bu sırf cinayət tərkibli hadisədir. Aidiyyatı orqanlar buna reaksiya verir və zəruri tədbir görülür”.

Alınan qızıl məmulatı bu və digər səbəb görə geri qaytarıla bilərmi?

Suala Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirdi. Bizim.Media-ya açıqlamasında o, qızıl bazarında xaosun yaşandığını bildirib:

“Çünki qızıl bazarına xüsusi nəzarət yoxdur. Bildiyimiz kimi 2019-cu ildə ölkəmizdə fəaliyyət göstərən Əyar Palatası ləğv edildi. Son 5 ildə qızıl bazarına heç bir dövlət qurumu nəzarət etmir. Ona görə də bu sahədə xaos hökm sürür. Keyfiyyətsiz məmulatlar asanlıqla bazara yol tapır. Aldanan istehlakçınınsa etiraz etmək hüququ yoxdur. Çünki qızıl məmulatları Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən geri qaytarılmayan mallar siyahısındadır.

Qızılı aldın, yarım saat sonra onu heç cür geri qaytara bilməzsən. Çünki indiki qaydalar qızıl satanların birbaşa marağına xidmət edir. Təsadüfi deyil ki, qızılın qiymətindəki son artım ən çox işbazların işinə yarayıb. Onlar asanlıqla aşağı keyfiyyəti qızılı istədikləri qiymətə realizə edə bilirlər”.


MANŞET XƏBƏRLƏRİ