Avtomobilə qaz balonu quraşdırmaq qanunidir?


Bir müddət əvvəl Bakıda sıxışdırılmış qaz balonu yanacağı ilə çalışan avtomobilin partlaması müzakirələrə səbəb oldu. İnsanlar xüsusilə nəqliyyat vasitələrində belə halların yenə təkrarlana biləcəyindən narahatdır.

Modern.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, burada heç bir problem yoxdur, bu dünyanın hər yerində mövcuddur:

“Mediada bununla bağlı nə gəldi yazırlar. Dünyanın hər yerində, elə Bakıda da sıxışdırılmış qazla işləyən avtomobillər, hətta avtobuslar var. Hansı ki, o avtobuslarda onlarla insan daşınır. Məsələ ondan ibarətdir ki, qoşulan avadanlıq sertifikatlaşdırılmış, mövcud standartlara cavab verən olmalıdır. Qanunvericiliyə görə, istənilən avtomobildə yanacaq növü dəyişdirilə bilər. Amma dəyişmək üçün quraşdırılan avadanlıqlar, yəni qaz balonu və borular standartlara uyğun olmalıdır. Onların təzyiqə, zərbəyə və temperatura dözümlülüyü standartlara cavab verməlidir. Eləcə də onu quraşdıran müəssisə və mütəxəssis də ixtisaslaşmış olmalıdır. Quraşdırılandan sonra həmin qurğudan istifadə edilməlidir”.

Ekspert bildirib ki, bütün hallarda məsuliyyəti sürücü daşıyır:

“Avadanlıq saz vəziyyətdə saxlanmalı, vaxtında baxışları keçirilməli və texniki qulluq göstərilməlidir. Eyni zamanda bundan sonra nəqliyyat vasitəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən təkrar qeydiyyata alınmalıdır. Orada da sənədlərə baxılmalı və avadanlığın standartlara uyğunluğu yoxlanılmalıdır. Digər avtomobillər kimi belə avtomobillərdə mütləq şəkildə mütəmadi texniki baxışdan keçirilməlidir”.

Ə.Hüseynvun sözlərinə görə, belə hallarda baş verən hadisələrə sığorta cavabdeh deyil:

“Qanunvericilikdə yanacaq növünün dəyişdirilməsinin sığortaya aidiyyatı yoxdur. Kiminsə avtomobili yanır yaxud partlayırsa bunu icbari sığorta qarşılamır. Könüllü sığortada isə razılaşma əsasında şirkətlə müqavilə əsasında bu və digər məsələlər razılaşdırılır”.


MANŞET XƏBƏRLƏRİ