Yanvarın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibəsində ölkənin daxili və xarici siyasətinin aktual mövzuları ilə bağlı sualları cavablandırmaqla yanaşı, qonşu İran İslam Respublikası ilə münasibətlərə də toxunub.
Turkustan.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Dövlət başçısı son dərəcə aydın, lakonik və güclü məntiqə söykənən şərhləri ilə son illərdə Azərbaycan-İran münasibətlərində baş verən proseslərin mahiyyətini izah edib və bu kontekstdə üç məsələ üzərində xüsusi dayanıb:
1) 44 günlük müharibədən sonra İranın yaranmış yeni reallıqla barışmaq istəməyərək gizli şəkildə öz yanacaq və yük maşınlarını o vaxt hələ ermənilərin yaşamaqda olduğu Qarabağ bölgəsinə göndərməsi, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq hörmətsizlik anlamına gələn bu əməlləri ifşa olunduqda isə Azərbaycanla hədə-qorxu dilində danışması və adekvat cavabını alması;
2) İran hakimiyyəti tərəfindən 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı zəruri addımların atılmaması, o cümlədən rəsmi şəkildə verilmiş vədə baxmayaraq, terroru törədən şəxs barəsində edam hökmünün icra edilməməsi və işin yenidən istintaqa göndərilməsi;
3) bu yaxınlarda Ərdəbil şəhərində keçirilmiş rəsmi tədbirdə və canlı yayımda Azərbaycan Prezidenti və xalqına qarşı təhqiramiz çıxışa görə mərasimə hamilik edən İran ali rəhbərinin səlahiyyətli nümayəndəsi və şəhərin imam-cüməsi Həsən Amulinin cəzalandırılması və Azərbaycandan üzr istənilməsi.
Qeyd olunan üç məqam Azərbaycan Prezidentinin söylədiyi – “Münasibətlərimizin pisləşməsi bizim günahımız ucbatından olmayıb”, – fikrinin haqlı və əsaslı olduğunu göstərən danılmaz sübutlardır. Düşünmək olardı ki, bu sübutlar qarşısında İran hakimiyyəti son illər Azərbaycanla münasibətlərdə yol verdiyi xətaları hansısa formada kompensasiya etməyə yönələn davranış sərgiləyəcək və qonşularla normal əlaqələrin onun üçün prioritet təşkil etdiyi barədə bəyanatlarının səmimi olduğunu göstərmək üçün müəyyən addımlar atacaq. Bunu əslində İranın regional və beynəlxalq səviyyədə üzləşmiş olduğu vəziyyət də tələb edir. Lakin son iki gündə İran rəsmi və qeyri-rəsmi mediasında Azərbaycan Prezidentinin açıqlamalarına və haqlı tələblərinə verilən reaksiyalar və hakimiyyət tərəfindən təşkil olunmuş kampaniyalar Tehranın öz ənənəsinə sadiq qalaraq, necə deyərlər, “dirəşmək taktikasına” üstünlük verdiyini göstərməkdədir.