19 ilin naziri: Samir Şərifov haqda maraqlı məlumatlar


Prezident İlham Əliyevin 9 yanvar 2025-ci il tarixli sərəncamı ilə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Baş nazirinin müavini təyin edilib.

Bu mühüm qərar hökumət daxilində kadr dəyişikliklərinin davam etdiyi bir dövrdə qəbul edilib. Bəzi müşahidəçilərin fikrincə, bu təyinat hakim komandada və xüsusən də hökumət cinahında dəyişikliklərin və kadr islahatlarının başlanğıcıdır. Belə yer dəyişiklikləri və ümumiyyətlə islahatlar qarşıdakı aylarda daxili siyasətin əsas prioritetlərindən biri olacaq.

Samir Şərifov kimdir?

Samir Rauf oğlu Şərifov 1961-ci il sentyabrın 7-də Bakı şəhərində anadan olub. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirən Şərifov maliyyə, iqtisadiyyat və dövlət idarəçiliyi sahəsində geniş təcrübəyə malikdir. O, həmçinin beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıqda Azərbaycanın əsas simalarından biri kimi tanınıb.

Karyerasının əsas mərhələləri

Samir Şərifovun karyerası müxtəlif sahələrdə mühüm vəzifələrdə çalışmaqla yadda qalıb:

• 1991-1995: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.

• 1995-2001: Azərbaycan Respublikası Milli Bankının valyuta idarəsində rəhbər vəzifələr tutub. Onun rəhbərliyi dövründə ölkənin valyuta siyasəti və beynəlxalq maliyyə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb.

• 2001-2006: Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində çalışaraq, neft gəlirlərinin səmərəli idarə olunması və şəffaflıq məsələlərində beynəlxalq nümunələrə uyğun modellər tətbiq edib.

• 2006-2025: Azərbaycan Respublikasının Maliyyə Naziri kimi ölkənin maliyyə siyasətini idarə edib. Bu müddət ərzində bir çox dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə sabitliyinin qorunması və islahatların həyata keçirilməsi onun adı ilə bağlıdır. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ