“Əyalət mollasının bizə qarşı nifrət münasibəti bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı”.
Turkustan.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Qeyd edək ki, Molla Həsən Amuli ölkəmizə qarşı daim qərəzli və təhqiramiz açıqlamaları ilə diqqət çəkib. Zaman-zaman “şirin quyruğunun tapdalandığını” qeyd edən əyalət mollasının keçmişi isə rəzilliklərlə doludur. Üstəlik, İran kimi bir ölkədə hansısa rəsmi şəxsin özbaşına açıqlamalar verməsi də real görünmür.
Məsələ Bizim.Media-ya danışan Güney Azərbaycan milli hərakatının aktivisti Elyar Türker və Cənubi Azərbaycanlı politoloq Əhməd Həbiboğlu Molla Həsən Amulinin hökumət adından rəsmi olmayan rəsmi fikirlər səsləndirdiyini təsdiqləyirlər.
Elyar Türker hesab edir ki, əyalət mollası birbaşa hökumətin sözçüsü qismində çıxış edir.
“Molla Həsən Amuli, 24 ildir ki, Xameneinin Ərdəbildəki nümayəndəsidir. Başqa sözlə desək, Ərdəbildə “Ərdəbil vilayəti”nin birinci şəxsi və qərarvericisidir. Xameneinin İranın bütün vilayətlərində nümayəndələri var. Amma Ərdəbil nümayəndəsinin xüsusi bir əhəmiyyəti var.
Çünki Ərdəbil, Azərbaycanla sərhəddə yerləşir. Bu səbəbdən Həsən Amuliyə, Xamenei və İran rejimi tərəfindən Azərbaycana qarşı əlavə vəzifələr verilib. Diqqət etsəniz, İranın Azərbaycan Respublikasına qarşı yayımlanan Səhər TV kanalında Həsən Amulinin sözləri və xütbələri tez-tez yer alır”.
Əyalət mollasının cümə xütbələrində, xüsusən də Azərbaycan türklərinə xitab edən hissələr var.
İran rejimi Azərbaycanda iranpərəstliyi yaymaq istəyir. Eyni zamanda, Azərbaycan Respublikasına qarşı xalqı təhrik etməyi və bu dövləti zəif, təsirsiz bir quruluş kimi göstərməyi hədəfləyir.
“Həsən Amuli, bu çıxışları öz təşəbbüsü ilə etmir”
“Onu Ərdəbilə təyin edənlərin icazəsi və təlimatı ilə edir. İranda Xameneinin təyin etdiyi nümayəndələr çox nadir hallarda vəzifədən alınır və ya dəyişdirilir. Bunun səbəbi, bu vəzifələrə “müqəddəslik” atributu verilməsidir. Guya molla və din adamı olduqları üçün günahsız hesab olunurlar.
Dünyada bu cür bir vəzifə və ya məqam anlayışına rast gəlmək çətindir. Çox ölkələrdə şəhərlərdə ən səlahiyyətli şəxs vali və ya bələdiyyə başçısıdır. Üstəlik bu vəzifələrin müqəddəs bir xarakter daşımadığı aydındır. Onlar yanlış addım atdıqları zaman hüquqi olaraq hesabat verməli olurlar. Amma İranda Xameneinin nümayəndəsi, bir vilayətin, bir şəhərin və hətta kəndlərin birinci və “müqəddəs” məqamı kimi görülür”, - deyə E.Türker bildirib.
Ərdəbil mollasının kirli keçmişi
Cənubi Azərbaycanlı politoloq Əhməd Həbiboğlu isə vurğulayıb ki, Həsən Amuli, Ərdəbilin cümə imamı kimi tanınır, lakin dini lider kimi fəaliyyətindən çox, keçmişdəki mübahisəli davranışları və indiki siyasi mövqeyi ilə diqqət mərkəzinə gəlir:
“Gəncliyində məscidlərdən ayaqqabı oğurlayarkən tutulduğu və dəfələrlə həbs edildiyi faktı onun dini və əxlaqi dəyərlərə uzaq bir həyat sürdüyünü göstərir. Daha sonra o, Ayətullah Şəriətmədarinin tərəfdarlarının dəstəyi ilə İslamçılığa yaxınlaşmış və bu yolla dini dairələrə daxil olub. Lakin bu dairələrdə uzun müddət qalmayıb, tezliklə Ayətullah Şəriətmədaridən uzaqlaşıb, İran İslam İnqilabının lideri Ruhullah Xomeyninin yaxın çevrəsinə qoşulub”, - deyə Ə.Həbiboğlu bildirib.
Əyalət mollasının kirli keçmişindən İranda yaşayanların yaxşı xəbəri var...
“İnqilabdan sonra Həsən Amuli siyasi və dini təsirini artıraraq, xüsusilə Haşimi Rəfsəncani ilə Əli Xamenei arasındakı münaqişələrdə Əli Xameneini dəstəkləmişdir. O, 1999-cu il Universitet Yataqxanası Hadisələri və 2009-cu il seçkilərindən sonra baş verən etirazlarda fəal rol oynayaraq rejimin müxaliflərini susdurmaq üçün sərt tədbirlər görüb. Bu müddətdə müstəqil alimlər, tələbələr və digər ziyalılar üzərində təzyiq göstərərək rejimin mövqeyini gücləndirib.
Həsən Amulinin Azərbaycan və Türkiyə əleyhinə çıxışları İran rejiminin regiondakı uğursuzluqlarını gizlətmək cəhdləri kimi qiymətləndirilə bilər. Xüsusilə 44 günlük Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində qazandığı qələbə İran üçün ciddi strateji məğlubiyyət hesab olunur. Bu dövrdə Həsən Amulinin çıxışları İranın həm Azərbaycandakı türk təsirini zəiflətmək, həm də Türkiyənin bölgədə artan nüfuzunu dayandırmaq məqsədi daşıyırdı”.
İran nədən narahatdır?
Əhməd Həbiboğlu bildirir ki, Azərbaycana qarşı əyalət mollasının çıxışları İranın acizliyinin xəbərçisidir:
“Həsən Amulinin Azərbaycan və Türkiyə əleyhinə çıxışlarının digər bir səbəbi İran türklərinin bu ölkələrdən təsirlənməsinin qarşısını almaqdır. İran rejimi, xüsusilə İran türklərinin Azərbaycan və Türkiyə ilə bağlarının güclənməsindən narahatdır. Buna görə də, Həsən Amuli kimi şəxslər bu bağları zəiflətmək və türklər üzərində nəzarəti gücləndirmək üçün istifadə edilir. Ancaq bu siyasət İran türkləri arasında ciddi narazılığa səbəb olub və rejimə qarşı etirazların artmasına gətirib çıxarıb”, - deyə Ə.Həbiboğlu əlavə edib.