Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən zaman Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL təyyarəsinin “qara qutu”ları deşifrə olunub. Bu işlə Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi məşğul olub. Qazaxıstan Nəqliyyat Nazirliyi deşifrə edilmiş məlumatların araşdırılmasına yaxın günlərdə Astanada başlanılacağını bəyan edib. Bu o deməkdir ki, qəzaya düşən təyyarənin qara qutuları oxunub, Qazaxıstana veriləcək.
Araşdırma niyə məhz Qazaxıstanda aparılacaq? Qəza bu ölkənin ərazisində baş verdiyi üçün mütləq orada araşdırılmalıdır, yoxsa Azərbaycana gətirilə bilər?
Globalinfo.az-a danışan AZAL-ın keçmiş prezidenti, birinci dərəcələ təyyarəçi, texniki elmləri doktoru, iqtisad elmləri doktoru, nəqliyyat doktoru, professor Ədalət Əliyev deyib ki, şəffaflıq üçün “qara qutu” Qazaxıstanda araşdırılmalıdır.
Onun sözlərinə görə, təyyarə Braziliyaya məxsus olduğu üçün bu işlə də məhz istehsalçı ölkə məşğul olmalıdır:
Ədalət Əliyev
“AZAL-ın Aktau şəhərində qəzaya uğrayan təyyarəsinin Braziliya tərəfindən araşdırılması qanunidir. Təyyarənin istehsalçısı Braziliyadır axı. Belə olması yaxşı oldu, çünki onların araşdırması ortaya obyektiv nəticə qoymuş olacaq. “Qara qutu”nun yoxlanılması və nəticələrə gəlincə isə, Qazaxıstanda elan olunsa da, Azərbaycan tərəf prosesdə iştirak edəcək. Bilirsiniz, qəza hansı ölkədə baş verirsə, araşdırma orada aparılır. Qayda birmənalı belədir”.
Ə.Əliyev deyib ki, “qara qutu” Azərbaycanda və ya Rusiyada araşdırıla bilməzdi:
“Azərbaycanda yoxlanılsa, onu düzgün qəbul etməzdilər. Əmin idim ki, araşdırmanı Braziliya özü aparacaq. Çünki “qara qutu” Rusiyaya aparılsa, qatıb-qatışdırılacaqdı. Hətta ruslar Qazaxıstana da təsir göstərə bilərdi. Amma Braziliya təyyarənin istehsalçısıdır. O da heç vaxt razı ola bilməz ki, təyyarə nasazlıq ucbatından qəzaya uğrasın. Onlar istehsal etdikləri məhsula cavabdehdilər. Hər zaman da yüksək keyfiyyətli olduğunu deyərək, sözlərinin arxasında durduqlarının bildirirlər. Rusiyada araşdırılsa, deyə bilərdilər ki, guya təyyarə nasaz olub və s. Ona görə də onlara etibar edilmədi”.