Ötən gün Baş Prokurorluq ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl külçə keçirmək cinayətinin törədilməsində iştirak edən vəzifəli şəxsin həbsi barədə məlumat yayıb.
Məlumata görə, həbs edilən vəzifəli şəxs Əfsər Mirzəliyevdir.
O, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru vəzifəsində malışır.
Mətbuatda yayılan məlumata görə, Əfsər Mirzəliyev məşhur polkovnik Abdulla Mirzəliyevin qardaşı oğludur.
Rəsmi məlumata görə, vəzifəli şəxs Səfər Səfərov adlı vətəndaşla əlbir olaraq İstanbul-Bakı aviareysi ilə ümumilikdə 461 min manat dəyərində 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib.
Toplanmış sübutlar əsasında Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib.
Onlar barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib./modern.az