Vasserman və Amelini kimlər ortaya atıb: Əsas məqsəd belədir – İlginc faktlar


Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh danışıqları müstəvisində xeyli irəliləyiş əldə edildi. Qazaxın 4 kəndi geri qaytarıldı, sülh danışıqları üzrə 15 maddə üzrə razılıq əldə olundu. Sərhədlərin 12 km-lik hissəsində delimitasiya həyata keçirildi. Gözlənilirdi ki, bu il sülh danışıqlarında yekun nəticəyə gəlmək mümkün olacaq. Amma il başlayar-başlamaz erməni tərəfi şərti sərhəddə təxribatlar törətdi. Bu halda sülh üçün hansı risklər yarana bilər?

- Sözsüz ki, təxribatlar arzuolunan deyil. Amma bu geniş hərbi eskalasiyanın baş verməsi ilə nəticələnməyəcək. Ona görə də Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı istisna edilir. Bunun üçün əslində heç bir tərəfin ciddi əsası yoxdur. Azərbaycanın müharibə ilə bağlı hədəfləri mövcud deyil. Ərazilər azad edilib, Qarabağda separatizmə son qoyulub. Ermənistan isə müharibə ilə ciddi itkilərlə üzləşə bilər deyə, ona müharibəyə getmək maraqlı olmayacaq. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. O vaxta qədər Nikol Paşinyana müsbət nəticələr lazımdır. Bu müsbət nəticə isə Azərbaycanla əldə edilmiş sülh müqaviləsi, sərhədlərin açılması, Türkiyə ilə münasibətlərin tənzimlənməsi, nəhayət müharibə təhlükəsinin olmaması ilə bağlı ola bilər. Bu da Paşinyan partiyası üçün seçkilərdə qələbə qazanması üçün imkanlar yaradacaq. Bundan başqa variant yoxdur. Çünki Azərbaycanla yeni müharibə Ermənistanın məğlubiyyəti və nəhayət Paşinyanın növbəti seçkilərdə uduzması deməkdir. Bu mənada sülh Azərbaycandan daha çox Ermənistana lazımdır.

- ABŞ-nin yeni prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasından sonra qlobal və regional miqyasda bir çox dəyişikliklərin olacağı proqnozlaşdırılır. Cənubi Qafqazla bağlı hansı gözləntilər var?

- Əslində, Trampın yenidən hakimiyyətə qayıtmasının bu regiona təsiri çox az olacaq. Bu bölgənin qlobal proseslərə təsiri azdır. Yaxın Şərq və Ukraynada baş verənlər fonunda Qafqazdakı proseslər çox da cəlbedici deyil. Sözsüz ki, müəyyən bir xətt izləmək mümkündür. ABŞ-nin xarici siyasətindəki fəallığı ilə proseslərin ölü nöqtədən tərpənməsi ehtimal edilir. Ağ Evin aktiv xarici siyasətində Ukrayna, Yaxın Şərq, Çin daha mühüm yer tutacaq.

- Son zamanlar Rusiya və İranın daxilində bəzi qüvvələr və yaxud şəxslərin Azərbaycanla bağlı əsassız iddialar səsləndirməsi nə ilə bağlıdır? Bu qüvvələrin indiki halda fəallaşmasına səbəb nədir?

- Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman və Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin açıqlamaları təəccüblüdür. Vasserman Rusiyada savadlı kəsimin təmsilçisi olsa da, müdrik adam deyil. O iddia edir ki, keçmiş SSRİ bərpa olunacaq. Amma bunun nəyin əsasında bərpa olunacağı müəmmalıdır. Əgər burada xalqların ümumi marağı olsa idi, sual oluna bilər ki, o zaman SSRİ niyə dağılırdı? Çünki keçmiş SSRİ də xalqların köklü maraqları ziddiyyət təşkil edirdi. Bu ziddiyyət hələ də həll olunmayıb. Rusiya-Ukrayna müharibəsi, Azərbaycanla Ermənistan arasında yaşananlar, Gürcüstanın Rusiyadan incikliyi, Mərkəzi Asiya dövlətlərinin Rusiya ilə olan problemləri və s. buna misal olacaq faktlardır. Ona görə də keçmiş SSRİ-nin bərpa olunacağına inanmaq sadəlöhvlükdür. Cəmiyyətlər arasında olan fikir ayrılığı da bunu inkar edir.

- İranda hansısa din xadiminin Azərbaycanı hədəf almasında hansı məqsəd güdülür?

- Azərbaycana qarşı o fikirləri dilə gətirən Ərdəbilin imam cüməsi Seyid Həsən Amelidir. Vaxtilə onunla görüşmüşəm. İranda olarkən mənə dedi ki, "sənin yazılarını oxuyuram, xoşuma gəlir”. Sözsüz ki, indi onun dedikləri heç də özünə məxsus fikirlər deyil. Ona tapşırıblar, o da danışır. Siyasi bir oyundur. Ameliyə də tapşırıblar ki, Azərbaycanla bağlı danışsın. İndiki halda Azərbaycanla İran arasında münasibətlər gərgindir. Hələlik münasibətləri sahmana salmaq üçün ortaq məxrəc tapılmayıb.

- Görünən odur ki, İranın yeni prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətləri normal məcraya yönəltməkdə acizlik edir…

- İranın siyasi quruluşu tam fərqlidir. İranda Pezeşkiandan asılı məsələ çox azdır. Pezeşkian insanların hisslərinin ifadəsi olaraq prezident seçilib. Orada əsas hakimiyyət İranın ali dini lideri Ayətullah Əli Xameneyidir. Xameneyi özü hər şeyi həll edir. Pezeşkianlıq bir iş yoxdur.


MANŞET XƏBƏRLƏRİ