Faiq Ələkbərli: “Məsələnin mahiyyəti budur ki, kiçik bir erməni kantonun, yaxud dövlətinin yaranması iradəsini, başda Rəsulzadə olmaqla, Azərbaycan Xalq Cumhuriyyətini yaradanlar ortaya qoya bilməzdi”
Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin necə yarandığı, hansı güclər tərəfindən qurulduğu məlum olsa da, təəssüflər olsun ki, bəzi tarixçilər hansısa “arxiv sənədləri” tapıb ortaya çıxarıblar və iddiaya görə, bu dövlət 1918-ci il mayın 23-də Batum konfransındakı Azərbaycan nümayəndələrinin Ənvər Paşaya böyük bir müraciəti ilə yaradılıb.
Bu iddianı ortaya atan isə AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovdur. V.Qafarov bunu “Ermənistanın təşəkkülü və İrəvanın ermənilərə verilməsi” adlı kitabında, həm də çıxışlarında vurğulayıb. Onun bu barədə çıxışı feysbuk sosial şəbəkəsində yayılıb və ciddi tənqid olunub. V.Qafarov deyir ki, “1918-ci il mayın 23-də Batum konfransındakı Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər Paşaya böyük bir müraciətlə çıxış etdilər”.
V.Qafarov qeyd edib ki, 1918-ci ildə Azərbaycan tərəfinə erməni dövlətinin yaradılmasına imkan verilməməsi təklif edilib, amma Azərbaycan tərəfi buna qarşı çıxıb. “Mən bu gün həmin sənədi də bura gətirmişəm. 1918-ci ilin may ayının 23-də 4 səhifəlik böyük bir müraciətnamədir ki, Ənvər Paşaya göndərilib”.
O vurğulayır ki, müraciətnaməni Məhəmmədhəsən Hacınski, Məhəmməd Əmin Rəsulzadə, Qazıəhməd bəy Xanbaba, Əhmədcövdət Pepinov, Aslan bəy Səfikürdski, eyni zamanda Tiflisdən gələn Azərbaycan fraksiyasının üzvləri – Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və Məmməd Yusif Cəfərov imzalayıb, onların sayı 9 nəfər olub. “Bu müraciətdə göstərirlər ki, Osmanlı hökumətinin siyasəti ondan ibarətdir ki, Qafqazda gürcü və Azərbaycan dövlətləri yaradılsın, erməni dövlətinin yaradılmasına imkan verilməsin. Amma biz sizdən xahiş edirik ki, nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda erməni dövləti yaradılmalıdır, bunun üçün də biz ermənilərə torpaq güzəştə getməyə hazırıq”. Bunu V.Qafarov deyib.
“Onları ləkələmək heç bir vicdana, insanlığa, milli əxlaqa sığışmır”
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəsləfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bunun bir təxribat olduğunu bildirdi. O qeyd etdi ki, V.Qafarovun sosial şəbəkədə yayılan çıxışına da qulaq asıb, kitabı ilə də tanışdır. “Bu adam israrla deyir ki, 1918-ci il mayın 28-də təşəkkül tapmış Ararat Respublikasının yaranmasında əsas rolu məhz o zaman Qafqaz Seymində təmsil olunan Müsəlman Fraksiyasının, yaxud Cənubi Qafqazın Müsəlman Fraksiyası və onun rəhbərləri-Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Pepinov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli oynayıb. Bunu da nə ilə əsaslandırır? Deyir ki, 1918-ci il mayın 23-də onların Osmanlıya bir müraciəti var. Əslində məsələ nədir? Bilirik ki, o zaman Osmanlı dövləti ilə Azərbaycan türklərinin, gürcü və ermənilərin təmsil olunduğu Cənubi Qafqaz Seymi arasında müharibə olub və həmin müharibədə ermənilərlə gürcülər iştirak etsələr də, Azərbaycan türkləri Osmanlını müdafiə etdilər. Bu müharibədə Tələt Paşanın rəhbərlik etdiyi Osmanlı hökuməti qalib gəldi və əvvəlcə Trabzonda danışıqlar oldu, sonra isə Batumda. Əvvəlcə gürcülərin, ermənilərin və Azərbaycan türklərinin ayrıca müstəqil Cənubi Qafqaz Seymi dövləti vardı, konfederasiya dövləti. Osmanlı onların hər üçünü qəbul edirdi. Sadəcə, gürcülərin iddia etdiyi torpaqların bəzi hissələrini, o cümlədən də Sürməli tərəfi Osmanlı hökuməti istəyirdi və onu da razılaşdırmışdılar. Ancaq sonra Osmanlı hökuməti digər ərazilərə də iddia etməyə başladı. Xüsusilə də Gümrünü, İrəvanın bir çox ərazilərini istədi.
Əsas danışıqları Osmanlı dövlətinin baş naziri Tələt paşanın adından Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy aparırdı. Sonradan məlum olub ki, Tələt Paşa ancaq müəlmanları və gürcüləri qəbul etmək istəyir, ermənilərin yaşadıqları əraziləri, xüsusilə də Gümrünü Osmanlı ərazisinə qatmaq istəyir. Həmin müraciətdə də o göstərilir. Məhəmmədhəsən Hacınskinin, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xosykinin və başqalarının etdiyi müraciətdə deyilir ki, biz Osmanlı hökumətinin bütün siyasəti, qəbul etdiyi qərarlarla razıyıq. Ancaq Cənubi Qafqaz Konfedrasiyasının fəaliyyəti artıq mümkün deyil, çünki gürcülər müstəqillik elan etmək istəyirlər, ermənilərin yaşadıqları ərazilərin çox hissəsini Osmanlı öz ərazisinə qatır. Gördüyümüz kimi, burda çox çətin vəziyyət yaranır, təklif olunur ki, Osmanlının əvvəlcədən Trabzonda da hesab etdiyi kimi, bəlkə burda kiçik bir erməni kantonu təşkil olunsun. Azərbaycan nümayəndələri sadəcə bunu təklif edirlər. Çünki Osmanlının da əvvəlcədən bir fikri vardı ki, kiçik bir erməni kantonu yaransın. Məsələnin mahiyyəti budur ki, kiçik bir erməni kantonun, yaxud dövlətinin yaranması iradəsini, başda Rəsulzadə olmaqla, Azərbaycan Xalq Cumhuriyyətini yaradanlar ortaya qoya bilməzdi. Əsas rolu Osmanlı oynayırdı. Sadəcə, Vasif Qafarov bütün bunların hamısını tamam başqa məcraya yönəldir. Yəni o iddia edir ki, guya məhz Məmmədhəsən Hacınski, Məhəmməd Əmin Rəsulzadə, Məmməd Yusif Cəfərov və adları çəkilən digərləri Osmanlı dövlətini “məcbur ediblər ki, yox, hökmən erməni dövləti yaranmalıdır”. Bu absurddur. Xalq Cumhuriyyəti qurucuları xahiş-minnət etməyiblər”.
F.Ələkbərlinin sözlərinə görə, əslində həmin müraciətdə var ki, əgər Osmanlı hökuməti kiçik bir erməni kontonu yaratmasa, bu o zaman Osmanlı üçün də, Azərbaycan üçün də təhdid olacaq. “Yəni Osmanlının nəzarətində olan Gümrüdə və digər yerlərdəki ermənilərin hamısı Bakıya doğru axın edəcək, Bakıdakı ermənilərlə birlşəcəklər, o zaman daha böyük təhlükə yaradacaqlar. Mənə elə gəlir ki, məsələni hərtərəfli şəkildə araşdırmaq və hər şeyi dəqiq ehtiva etmək lazımdır. Cənubi Qafqaz Konfedrasiyası ilə Osmanlı arasında müharibədən sonra vəziyyət xeyli dərəcədə dəyişir, əvvəlcə Tələt Paşa istəyir ki, bir erməni kantonu da olsun, sonra istəmir, ermənilərin təhlükə yaradacağını deyir. Yəni demək istəyirəm ki, Cumhuriyyəti yaradanların razı olub-olmamasından asılı olmayaraq burda əsas rolu oynayan Osmanlı hökuməti idi. Müraciətin sonunda da deyilir ki, əgər Osmanlı hökuməti bütün hallarda erməni kontonun yaranmasına razı olmasa, o zaman vaxtında ordu göndərməlidir ki, biz Bakını və ermənilərin əlində olan digər torpaqlarımızı işğaldan azad edək. Müraciətdə vurğulanır ki, biz kiçik qardaş kimi Osmanlıya, böyük türk siyasəti aparan türk hökumətinə böyük hörmətlərimizi, tövsiyələrimizi bildiririk, necə ki, bu hökumətin özünün marağında da vardı ki, üç millətdən ibarət Cənubi Qafqaz Federasiyası olsun, əgər bu baş tutmursa, gürcü və müsəlman kantonu yaranırsa o zaman ermənilərə də kiçik bir muxtariyyət verilsin, onlar əks təqdirdə həm yeni yaradılmaqda olan Azərbaycan Xalq Cumhuriyyəti, həm də Osmanlı dövləti üçün ciddi problemlər yaradacaqlar. Ancaq bu o demək deyildi ki, kiçik bir erməni kantonun yaranması ilə problem həll olunmuş sayıla bilərdi.
Vasif Qafarov iddia edir və cəmiyyətə yeritmək istəyir ki, Ararat adlı dövləti guya azərbaycanlılar yaradıblar, onun yaranmasında Cumhuriyyət qurucuları maraqlı olub. Bu qarayaxmadır. Cumhuriyyəti quranların müraciətlərini tamam başqa yerə yozub, ordan tamam başqa məna çıxarıb onlara qara yaxmaq, erməni dövlətinin yaranmasına görə onları suçlamaq yolverilməzdir, qəbuledilməzdir. Onları ləkələmək heç bir vicdana, insanlığa, milli əxlaqa sığışmır. Hər hansısa bir məsələni kontekstdən çıxarıb, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Cumhuriyyət qurucularını bu cür ağır ittiham altında buraxmaq qətiyyən qəbuledilməzdir. Mənə elə gəlir ki, Vasif Qafarov məsələni öz bildiyi kimi yazır və bununla da kimlərinsə dəyirmanına su tökməklə məşğul olur. Cumhuriyyətimizi quranlara bu cür böhtanlar atmaq, ağır ittihamlar irəli sürmək qətiyyən qəbuledilməzdir. Ona görə də məsələnin, bu müraciətlərin mahiyyətini Azərbaycan ictimaiyyətinə olduğu kimi çatdırmaq lazımdır. Birdəfəlik də anlamaq lazımdır ki, başda Rəsulzadə olmaqla, Azərbaycan Cumhuriyyətini quranlar istəsəydilər də erməni kantonu yarada bilməzdilər. Bu məsələdə azərbaycanlılar rol oynaya bilmirdilər. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, azərbaycanlılar burda müəyyən təkliflər irəli sürürdülər. Əsas rolu oynayan isə onlar olmayıb. Erməni dövləti necə yarandı, necə quruldu, onu ictimaiyyətə olduğu kimi çatdırmaq lazımdır” - deyə F.Ələkbərli qeyd etdi.