Milli Qəhrəmanların medalları ailə üzvlərinə verildi - FOTOLAR


Yanvarın 6-da Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.

Görüşdə iştirak edən Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Modern.az-a bildirib ki, ekipaj heyətinə verilən medallar və ordenlər həlak olanların ailə üzvlərinə, eyni zamanda sağ qalan bələdçilərin özlərinə təqdim olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarə kapitanı İqor Kşnyakin (ölümündən sonra), pilot Aleksandr Kalyaninov (ölümündən sonra) və stüardessa Hökumə Əliyeva (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif olunublar.

Həmçinin “Embraer 190” təyyarəsinin sağ qalan bələdçiləri Zülfiqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeninə layiq görülüblər.


MANŞET XƏBƏRLƏRİ