İranın Azərbaycana son hücumunda Rusiya izi? – Bakıdan Tehranı şoka salan addım


Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələr iki ölkə arasında gərginliyə səbəb olub.

Belə ki, İranın Bakıdakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan XİN-ə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib. Rəsmi Tehran İranın Bakıdakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilməsi və rəsmi etiraz notası verilməsi barədə məlumatı təsdiqləyib.

“Azərbaycan Xarici İşlər Nazirliyinin etirazı şəhərlərimizin birində keçirilən mərasimdə düşünülməmiş və yersiz bəyanatlarla bağlı olub. Bu cür bəyanatların İran hökumətinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”, – İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya şöbəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.

Maraqlıdır ki, Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin adı bundan öncə də Azərbaycana qarşı həqarətlərdə hallanıb. O, özü şəxsən bu cür yolverilməz ifadələr, bəyanatlar səsləndirib.

Maraqlıdır ki, təyyarə qəzasına görə Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşdiyi dövrdə İran da ölkəmizə qarşı məlum davranışa yol verdi. Bu, koordinasiyalı iş birliyidirmi? İrandan Azərbaycana qarşı sonuncu davranış təsadüf sayıla bilərmi? İranın izahatını, Bakıya cavabını səmimi qəbul etmək olarmı?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, İran da Ermənistan kimi qonşularına qarşı əyalət hiyləgərliyindən istifadə edir:

“Öz günlərinə, düşdükləri acınacaqlı duruma ağlamaq əvəzinə gözləri onun-bunun qapısında, pəncərəsindədir. Öz gözlərindəki tiri görməzdən gəlib, özgə gözündə tük axtarırlar. Sözü də ağızları köpüklənə-köpüklənə havaya üfürürlər.

Elcin mirz%C9%99b%C9%99yli
Elçin Mirzəbəyli

Ermənistanın düşmənçiliyi ortalıqdadır. İran isə nə dost kimi dostdur, nə də düşmən kimi düşmən. Tehran üzdə müsəlmanların həmrəyliyindən danışır, arxada Ermənistanla işbirliyi qurur, müsəlmanların məscidlərini tövləyə çevirənlərlə qol-boyun olub, dil-ağıza qoymadan islam dəyərlərinin və abidələrinin müqəddəsliyindən söz açır. Ərdəbilin imam cüməsi Seyid Həsən Amuli də bunu bir daha sübut edir”.

Politoloq Amid Əliyev isə deyib ki, Ərdəbil imam cüməsi Amulinin əməl və amalı, eləcə də başından böyük bəyanat verməsi, Azərbaycan-İran arasındakı münasibətlərdə hələ də dini radikalizmə məxsus çalarların qalmasına bir işarədir:

“Keçən il Araz çayı üzərində hər iki ölkənin prezidentləri tərəfindən bölgədə gərginliyin azaldılması, münasibətlərin normallaşdırılması və iki dövlətin birgə xaricdəki və daxildəki qüvvələrə qarşı mübarizə aparmaları haqqında bəyanatın məlum qəza ilə bitməsi hələ də yaddan çıxmayıb.

amid
Amid Əliyev

Regiona kənardan edilən nəzarət mexanizmlərini işlədən dairələrin maraqları buna uyğun olmadı ki, “təsadüfi” qəza baş verdi. Özü də kortəbii ustalıqla. İndi isə Ərdəbil, yəni nahiyə və ya ostan (farsca vilayət) səviyyəli mollası Azərbaycana və onun dövlət başçısına dil uzadırsa, deməli, dini hakimiyyətin hələ də azad, müstəqil və güclü Azərbaycanı həzmetməmə prosesi davam edir. Əks halda yeni prezident seçilmiş Pezeşkianın COP29 səfəri baş tutardı.

Pezeşkianın etnik azərbaycanlı olması və Rəisidən ona qalan siyasi xətt mirasını sərbəst şəkildə realizə etməsi bir müddət çox çətin olacaq. Daxildəki basqılar və dini radikalizm prezident ətrafındakı siyasi çəmbəri çox sıxacaq.
Amulinin təriflədiyi şirin quyruğu yoxa çıxandan sonra başını qatmağa başqa heyvan tapa bilmir hələ”.


MANŞET XƏBƏRLƏRİ