Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycana məxsus “Embraer 190” təyyarəsi ilə bağlı artıq bir çox detallar bəlli olub. Təyyarənin kənar müdaxilənin təsiri ilə qəzaya uğradığı üzə çıxıb. Bakıdan Çeçenistanın paytaxtı Qroznı şəhərinə uçan hava gəmisinin Rusiya hava hücumundan müdafiə sisteminə məxsus raketdən açılan atəşlə zədələndiyi deyilir.
Hadisə təzə olan vaxt uçağın quş sürüsü ilə toqquşduğu açıqlanmışdı. Sonradan bu versiya ortadan qalxdı. Diqqətlər başqa səmtə yönəldi.
Qəza baş verən gün Bakıdan Aktauya gedən hökumət komissiyasının üzvləri təyyarənin qalıqlarını müşahidə etdi. Çəkilən video sosial şəbəkələrdə sürətlə yayıldı. O videoda bir səs fövqəladə hallar naziri Kamaləddin Heydərova quyruq hissədəki zədələri göstərib, bunların şübhəli olduğunu izah edirdi. “Kamaləddin müəllim, görürsünüz, bu deşiklər çöldən içəri açılıb” cümləsi demək olar bütün sirr pərdəsini qaldırdı. Hər şey aydınlaşmağa başladı. Azərbaycana məxsus mülki təyyarə havada kənar müdaxiləyə məruz qalıb. Daha dəqiq desək, vurulub.
Bundan sonra sosial şəbəkələrdə və mediada o video paylaşıldı. Təyyarəmizin raketlə vurulduğu qənaəti möhkəmlənməyə başladı. Paraleldə bu haqda dünyanın tanınmış aviasiya analitikləri də danışmağa başladı. Xarici mediada çıxan bu açıqlamaları Azərbaycan saytları arasında ilk olaraq ölkəmizdə Globalinfo.az-da yayıldı. Həmin yazıda açıq şəkildə bildirilirdi ki, “Embraer 190” “Pantsir-S1″ hava hücumundan müdafiə raketi ilə vurulub.
İctimaiyyət videodakı səsin sahibi ilə maraqlandı. Sonradan bilindi ki, bu şəxs “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti İlham Əmirovdur. Onun ilkin rəyi həqiqətən də çox böyük bir cinayətin üstünün açılmasına səbəb oldu. İsti izlərlə təyyarənin vurulduğu dünyaya duyuruldu.
İ.Əmirov dekabrın 29-da ekipaj üzvləri ilə vida mərasimində çıxış edib. O, təyyarəyə üç kənar müdaxilənin olduğunu bildirib. “İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir”, – o deyib.
İlham Əmirov haqda onu tanıyan hər kəs müsbət danışır. Peşəkarlığı, yaxşı mütəxəssis olduğu deyilir. Yeri gəlmişkən, AZAL-ın keçmiş prezidenti Ədalət Əliyev Globalinfo.az-a müsahibəsində İlham Əmirov haqqında da fikir bildirib. Onu müsbət xarakterizə edib.
İlham Əmirovun oğlu Rəşad Əmirov da pilotdur.
Ata-oğul Əmirovlar
İlham Əmirovu yaxından tanıyaq.
İlham Əmirov 1958-ci il iyulun 13-də Şuşa şəhərində anadan olub.
1965–1973-cü illərdə Yevlax şəhəri 5 nömrəli orta məktəbi, 1973–1975-ci illərdə isə Yevlax şəhəri 2 nömrəli tam orta məktəbi bitirib.
1976–1979-cu illərdə Minsk (Belorusiya) aviasiya-texniki məktəbini Fərqlənmə diplomu ilə başa vurub və təyinatla 1979–1980-ci illərdə Tallin (Estoniya) şəhərinin aeroportunda avia-texnik vəzifəsində işləyib.
1980–1984-cü illərdə Leninqrad (Sankt-Peterburq) Mülki Aviasiya Akademiyasında qəbul imtahanlarını yüksək qiymətlə keçərək Kirovoqrad (Ukrayna) Ali Təyyarəçilik Məktəbinə göndərilib və oranı Fərqlənmə diplomu ilə bitirib.