Yazı masamın üstündə iki kitab var. Bu yaxınlarda mənə hədiyyə olunan bu kitablardan birinin üz qabığından xoş simalı, ziyalı bir insanın şəkli baxır. Sadə, səmimi, tanış bir sima. İlk dəfə uzun illər bundan öncə 2007-ci ilin sentyabrında Ankarada keçirilən önəmli bir konfransda - “İCANAS-38”- də digər iştirakçılarla birgə tanış olmuşdum bu dəyərli alimlə. Dr.Yusif Gədiklinin tədqiqatları, kitabları barədə az-çox bilgim olsa da, sonradan haqqında daha çox əziz dostlardan – tanınmış türkoloq alim Atilla Jorma və Sevil Abbasova İrəvanlıdan eşidirdim. İllər sonra, bu il İstanbulda yenidən görüşdüyüm bu gözəl alimlə bir az söhbətləşmək imkanım oldu. Olduqca dərin bilgiyə sahib, eyni zamanda sadə, təvazökar, səmimi, həm də çox xeyirxah bir insandır Yusif Gədikli (Kitabxana və arxivlərdə araşdırma aparmaq üçün yol göstərdiyi, yardım etdiyi üçün Yusif abiyə və qardaşı İstanbul Universitetinin professoru, Hüquq fakültəsinin dekanı Fəthi Gədikliyə xüsusi minnətdaram). Bizə - Sevil xanımla mənə kitablarından hədiyyə etdi. Yeni çapdan çıxan “Sabar, barsil, saragur türkləri və türkcələri” adlı kitabı ilə tanınmış yazıçı-jurnalist Hüdavəndigar Onurun onun haqqında yazdığı “Dilçi-türkoloq Dr.Yusif Gədikli kitabı”nı. Üz qabında şəkli olan ikinci kitab onun yubileyi münasibətilə nəşr olunub. “Ön söz” və beş bölümdən ibarət bu kitabın olduqca yığcam, yarım səhifəlik “Ön söz”ündə müəllif, haqqında kitab yazdığı Yusif Gədiklini elə ilk cümləsiylə oxucusuna gözəl bir şəkildə təqdim edir. Uzun müddətdir ki, “Türk millətinə xidmət etməyi bir borc olaraq görən, ömrünü buna həsr edən, Türk mədəniyyətinə töhfə vermək məqsədilə 50-yə yaxın kitab və minə yaxın məqalə qələmə alan” Yusif Gədikli haqqında bioqrafik bir əsər yazmağı düşünən Hüdavəndigar bəy illərdir, müxtəlif qəzet və dərgilərdə, internet saytlarında Yusif Gədiklinin kitablarını tanıdıb, haqqında yazılar dərc etdirib. Kitabın “Dr. Yusif Gədiklinin bioqrafiyası” adlanan birinci bölümündə müəllif oxucusunu alimin tərcümeyi-halı ilə tanış edir, daha sonra onun bioqrafiyasının hansı qaynaqlarda yer aldığını qeyd edir. Daha sonra haqqında yazılan məqalələri, aldığı mükafatları diqqətə çatdırır. Bu tərcümeyi-haldan alimin 1954-cü ildə Trabzon – Akçaabadın Kurucam kəndinin Kiçikoba yaylasında doğulduğunu, ilk təhsilini doğma kəndində, sonra Akçaabadda alaraq, Vanda Tibb kollecini bitirdiyini öyrənirik. Yusif bəy 1975-80-ci illərdə Ərzurum Atatürk Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümündə ali təhsil alıb. Daha sonra İstanbul Universitetində magistr təhsilini başa vurub. Həm diplom işi, həm də magistr işi Azərbaycanla (Hüseyn Cavidin dramaturgiyası və Azərbaycan mətbuatında əlifba məsələsi) əlaqədar olan Yusif Gədiklinin elə doktorluk mövzusu da böyük Azərbaycan şairi Şəhriyar haqqındadır. 1995-ci ildə AMEA Ədəbiyyat İnstitutunda “Şəhriyarın həyatı və sənəti (Türkcə divanı əsasında)” mövzusunda elmi iş müdafiə edib. Uzun illər müxtəlif sahələrdə (tibb, ədəbiyyat, təhsil) çalışıb. Hüdavəndigar bəyin də qeyd etdiyi kimi, ensiklopedik bir şəxsiyyət kimi bir çox sahədə əsərlər ortaya qoymuş Yusif Gədikli hələ Sovetlər dövründə, 1978-ci ildən müasir Azərbaycan ədəbiyyatı mövzusunda tədqiqatlar aparmağa başlamışdır. Bundan əlavə, o, çağdaş ədəbiyyatımızdan (Anar, Yusif Səmədoğlu, Elçin və b. yaradıcılığından) çoxsaylı tərcümə əsərlərinin də müəllifidir.
Bu günədək ədəbiyyat, türkologiya və dilçilik sahəsində ( “Şəhriyar və bütün türkcə şeirləri”, “Avropa hunları və Avropa hun türkcəsi”, “Qafqaz hunları və Qafqaz hun türkcəsi”, “Dillərin şifrəsi (2 cilddə), “İlk və Orta çağlar türk şeiri”, “Sabar, barsıl, sabagur türkləri və türkcələri” və b. ) çoxsaylı, önəmli əsərlər qələmə almış Yusif Gədikli yenə də eyni əzmlə tədqiqatlarını davam etdirməkdədir. Müsahibələrinin birində bu uğurlarının sirrini ondan soruşarkən verdiyi cavab da diqqətəlayiqdir. Yusif bəy “bu uğurların sirrini “ 4 M” olaraq ümumiləşdirə bilərəm”, - deyə cavab verərək fikrini belə açıqlamışdır: “1) Maraq: Elmi cəhətdən hər şeylə maraqlanan bir insanam; 2)Məqsəd: Elmi bir vasitə olaraq deyil, məqsəd olaraq görürəm, pul, məqam və buna bənzər şeylər mənimçün ön planda deyil; 3) Missiya: Millətim üçün yerinə yetirməli olduğum vəzifələrim olduğuna inanıram. Tofiq Fikrətin dediyi kimi, “doğru bildiyin yolda tək gedəcəksən”; 4) Metod: Həmişə oxuyuram, hər zaman düşünürəm və bir az da yazıram.”
Hüdavəndigar Onurun kitabını vərəqlədikcə Yusif Gədiklinin bu “4 M”-li iş prinsipinin son kəlməsinin son dərəcə təvazökarlıqla deyildiyinə əmin olursan. Çünki, “bir az da yazıram”, - deyən insanın nə qədər zəngin yaradıcılığa malik, məhsuldar bir alim olduğuna şahidlik üçün yalnız əsərlərinin biblioqrafiyasını gözdən keçirmək yetərlidir. Təkcə Azərbaycanla əlaqədar müxtəlif dövrlərdə qələmə aldığı məqalələrindən bəzilərinin - “Azərbaycan ədəbiyyatında İstanbul”, “Azərbaycan milli hərəkatında şairin rolu”, “Qarabağ məsələsinin çözümü haqqında görüşlərimiz”, “Çağdaş Azərbaycan ədəbiyyatına (tənqidi) bir baxış”, “Mirzə Fətəli Axundzadə (1812-1878)”, “Məmməd Aslan və Bəxtiyar Vahabzadənin şeirlərində 20 yanvar faciəsi”, “Azərbaycanın məzlum şairi Mikayıl Müşfiq (1908-1938)”, “Azərbaycan, uyğur və türkmən türkcələrində yeni söz yaradıcılığı”, “Azərbaycan mətbuatında “Molla Nəsrəddin” dərgisi və Cəlil Məmmədquluzadə”, “Məhəmmədhüseyn Şəhriyar”, “Ramiz Əskər və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” və b. adlarını sadalamaq onun çoxşaxəli tədqiqatlar apardığından soraq verir. Alimin dilçiliklə əlaqədar qələmə aldığı məqalələr də bu elm sahəsinin müxtəlif bölmələrini əhatə edir. Onun “Dillərin şifrəsi” kitabı isə onun, öz sözləri ilə ifadə etsək, dillərin mənşəyi barədə nəzəriyyəsini ortaya qoyduğu kitabdır. “Dil sonsuz, çətin, dərin, sərhədsiz bir sahədir”, - deyə bu sahədə tədqiqatlarını davam etdirməkdə, çox sevdiyi bu sahədə dilin dərin qatlarınadək “enib”, hər sözün, hər kəlmənin mənşəyini, kökünü, etimologiyasını arayıb-axtarmaqda, dillərin şifrəsini çözməkdədir hələ Yusif Gədikli. Elə yeni çapdan çıxan “Sabar, barsil, saragur türkləri və türkcələri” adlı dəyərli tədqiqat əsəri də bu axtarışların uğurlu nəticələrindəndir. Uğurlarının şifrəsi isə “4 M”- dir: Maraq, Məqsəd, Missiya, Metod.
Uşaqlıq illəri, gəncliyi füsunkar təbiətə malik Trabzonda, dağlar, meşələr arasında keçən bu insanın ən sevdiyi idman növü də dağçılıqdır. Dağçılar zirvəyə can atar. O, bir alim kimi sözü, qələmi, yaradıcılığı ilə zirvələr fəth etməkdədir. Ömrünün zirvə yaşında, yaradıcılığının zirvəsindədir Yusif Gədikli. Yubiley ilidir bu il. Bu günəcən çoxsaylı mükafatlar alan alim yubiley ilində də bir neçə gün öncə yeni bir medalla – bu il 100 illiyi qeyd olunan Əhməd Kabaklının yubiley medalı ilə təltif olunub. Yusif Gədikli haqqında yubiley ərməğanı olaraq yeni bir kitab nəşrə hazırlanır. Təltiflər, ərməğanlar, əlbəttə, gözəldir. Xüsusən, yaradıcı insanları yeni zirvələr fəth etməyə, yaratmağa ruhlandırır. Əslində, bu yaradıcı insanların özləri də insanlığa, dünyaya Yaradanın gözəl bir hədiyyəsi, canlı ərməğanıdır. Elə vaxtilə yaxın dostu, şair Rəfiq Zəka Xəndan da Yusif bəyə həsr etdiyi şeirlərindən birində onu məhz belə adlandırıb: “Tarixdə qalacaq, məncə, izləri, Canlı ərməğandır Yusif Gədikli!”
Dos.dr. Şəlalə Ana Hümmətli