Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov 2025-ci ildə - “Konstitusiya və Suverenlik İli” ərəfəsində Azərbaycanda referendum keçiriləcəyi barədə ehtimallara aydınlıq gətirib.
Komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, refendum keçirilməsi ilə bağlı dəfələrlə müəyyən məsələlər qaldırılıb:
“Parlament seçkiləri ərəfəsində də belə bir məsələ qaldırıldı. Hesab edirəm, referendumla əlaqədar hələ ortada bir şey yoxdur, yəni konkret olaraq hər hansı məsələ irəli sürülməyib. Məsələn, regionların idarəçiliyi, bələdiyyələr orada göstərilibmi? Bunlarla bağlı müxtəlif təkliflər var. İdarətetmənin bir neçə forması təsdiq olunub. İcra hakimiyyəti başçıları, Prezidentin səlahiyyətli nümayəndələri, yerli özünüidarəetmə sistemi - bütün bunlar götür-qoy edilməlidir. Hər biri Konstitusiyada da göstərilib. İctimai müzakirə olmalıdır və zərurət yaranarsa, referendum keçirilməlidir. Elə hər dəfə referendum keçirilsin, Konstitusiya dəyişilsin? Belə şeylər dünyada da az olur. Zərurət yaranıb, biz də bir neçə dəfə referendum keçirmişik. Gələcəkdə zərurət olacaqsa, yəqin ki, referendum keçiriləcək”.
S.Novruzov əlavə edib: “Verilən təlimatlarda göstərildi ki, 2025-ci il nə üçün “Konstitusiya və Suverenlik İli” elan edililir. Birincisi, Konstitusiyanın qəbul olunmasının 30 illiyidir. Bilirsiniz ki, 1995-ci il 12 noyabrda Ümummilli Liderin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. 2025-ci ildə ölkənin Ana Yasasının, baş qanununun 30 illiyidir və bu, böyük hadisədir. Eyni zamanda Azərbaycanın suverenliyinin bərpasının 5 illiyidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və sonra həyata keçirilən anti-terror əməliyyatı nəticəsində Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Bütün bunlar nəzərə alınaraq cənab Prezident tərəfindən sərəncam imzalandı. Bu münasibətlə xalqımızı təbrik edirəm. Hər bir vətəndaşımız, millət vəkili, dövlət məmuru üçün vacibdir ki, sərəncamdan irəli gələn öhdəlikləri, müddəaları tam şəkildə yerinə yetirsin”.