Milli Məclisin deputatı Rasim Musabəyov AZAL-ın təyyarəsinin Qroznıda vurulmasına görə rəsmi Moskvanın Azərbaycandan üzr istəməli olduğunu deyib. Onun bu sözləri Qazaxıstanda müsbət qarşılanıb. Belə ki, qazax xalqı R.Musabəyovun haqlı və cəsarətli olduğunu deyərək, öz millət vəkillərinin də bu çağırışa qoşulmalarını tələb ediblər.
Sosial şəbəkənin Qazaxıstan seqmentində insanlar Rusiyanın onlardan da üzr istəmələrini tələb edirlər. İzləyicilər yazır ki, Rusiya Azərbaycana məxsus təyyarəni vurmaqla həm insan həyatına son qoyub, həm də ekoloji mühitə zərər vurub. Buna görə Moskva hər kəsdən üzr istəməlidir.
Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov qazaxların bu məsələdə haqlı olduqlarını bildirib.
O, baş verən fəlakətdə birbaşa Rusiyanın günahkar olduğunu deyib:
Rasim Musabəyov
“Qazaxıstan xalqı haqlı olaraq Rusiya tərəfindən üzr və kompensasiya tələb edir. Fərqi yoxdur 1 nəfər həlak olub, yoxsa 6 nəfər. Hansısa şəxslərin günahı ucbatından insanlar faciə yaşayıb. O siyahıda Qırğızıstan və Rusiya vətəndaşları da var. Moskva səhvini etiraf etməli, hər kəsdən də üzr istəməlidir! Baş verən hadisə bizim münasibətlərimizdə böyük bir çat əmələ gətirə bilər. Ölkələrə, insanlara yuxarıdan aşağı baxmaq lazım deyil. Təəssüf ki, bu, Rusiya dövlətinə xas xüsusiyyətdir. Onlar hər kəsə yuxarıdan aşağı baxırlar. Hadisə neçə gündür baş verib, amma heç kimdən üzr istəmirlər, səhvlərini etiraf etmirlər. Bu, siyasi tərbiyyəsizlikdir!”
Sabiq nazir təyyarəmizin ruslar tərəfindən vurulduğunu əminliklə qeyd edib:
“Hadisə baş verdiyi ilk andan dedim ki, bizim təyyarəmizi Rusiyanın hava hücumundan müdafiə qüvvələri vurub. Bu fakt sonradan öz təsdiqini tapdı. O hündürlükdə quşla toqquşmaq mümkün deyil. Təyyarənin vurulması göz önündədir. Hətta bunun qəsdən törədildiyini düşünürəm. Orada olan bütün məqamları diqqətdə saxlamaq lazımdır. Burada qisas məqamı da tez-tez səsləndirilir. Məsələn, mümkündür ki, Moskva Suriyadan getməsinin, Türkiyənin vasitəsi ilə Azərbaycanın orda quruculuq işlərində iştirak etmək istəyini deməsinin intiqamı alınsın. Bu, düşünülmüş bir addıma oxşayır”.
F.Yusifovun fikrincə, Rusiya öz günahını etiraf etməməyə çalışacaq:
“Rusiyanın rəsmi dairələri bunu etiraf etmək istəmir. Qəsd, ya qeyri-qəsd, bu hadisə artıq baş verib. Rusiya prezidenti Vladimir Putin Azərbaycandan və digər ölkələrdən üzr istəməlidir! Eyni zamanda da həm həlak olanların ailəsinə, həm yaralananlara, həm də AZAL-a kompensasiya ödənməlidir!
Sabiq nazir burada iki cinayətin olduğunu vurğulayıb:
Fikrət Yusifov
“Biri ruslar tərəfindən təyyarənin vurulması, digəri həmin təyyarənin o vəziyyətdə enməsinə icazə verilməməsidir. Ona görə ruslar məsuliyyət daşıyır. Dispetçer də, ona komanda verən də, təyyarəni vuran da cəzalandırılmalıdır. Beynəlxalq Mülki Aviasiya təşkilatına müraciət olunmalıdır. Baş verən cinayətə beynəlxalq hüquqi müstəvidə qiymət verilməlidir. Necə ola bilər axı, içində 67 nəfərin olduğunu bildiyi halda vurulmuş təyyarəyə enişə icazə vermirlər?!”
Fikrət Yusifov təyyarədə həlak olan ekipaj üzvlərinə Milli qəhrəman adının verilməsini təklif edib:
“Təyyarəni idarə edən pilotlarımız İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyevaya Milli qəhrəman adı verilməli və hava limanında büstləri qoyulmalıdır. Bu, bir örnəkdir. O büstlər ölkəmizə gələn rus rəsmilərinə bir dərs olar ki, biz milliyyətindən asılı olmayaraq bütün vətəndaşlarımıza qiymət veririk! Çünki onlar böyük bir cinayətin üstünü açıblar. Bu adamlar cinayəti gizlətmək istəyən şəxslərin üzünə şillə vurdular! Əslində, onları Qroznıdan Qazaxıstana göndərməkdə məqsəd izi Xəzər dənizində batırmaq idi. Lakin aparıcı pilotun qəhrəmanlığı nəticəsində təyyarəni sahilə çatdırmaq mümkün oldu. Bununla da bəşəri bir cinayətin üstü açıldı”.