"Gənc Bələdçi" layihəsi yekunlaşıb


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc Bələdçi” layihəsi başa çatıb.

Turkustan.az xəbər verir ki, ümumilikdə 100-dən çox gəncin iştirak etdiyi layihə İsmayıllı, Qəbələ, Şəki, Lənkəran şəhərlərini əhatə edib.

Layihənin əsas məqsədi yeni ekoturizm təşəbbüslərinin yaradılması, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliğ olunması, ətraf mühitin qorunması, bölgələrə yerli və xarici turistlərin cəlb olunması, gənclərin məşğulluğunun artırılması və gənc bələdçilərin formalaşdırılmasıdır. “Gənc bələdçi” layihəsi gənc iştirakçıların bilik və bacarıqlarının artırılmasını, gənclərdə təkmilləşdirilmiş turizm təcrübələrilə nəticələnən mədəni və tarixi məlumatlılığın artırılmasını və ekoturizm infrastrukturunun və xidmətlərinin inkişafını hədəfləyir.

Qeyd edək ki, layihənin sonuncu fazası Lənkəran şəhərində keçirilib. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Lənkəran Gənclər Evi və sosial xidmət müəssisəsinin təşkilati dətəyi ilə təşkil olunan 4 günlük proqram çərçivəsində “tur və düşərgələrin planlanması”, “ekstrimal vəziyyətlərin idarə edilməsi”, “ekoturlar üçün marketinq strategiyaları və multimedia hesablarından məqsədyönlü istifadə”, “maliyyə menecmenti”, “özünəməşğulluq” və bir sıra mövzularlarda təlimlər həyata keçirilib. Sözügedən təlimlərlə yanaşı, iştirakçıların qeyd edilən şəhərlər üzrə Azərbaycan Dövlət Turizm Agentliyi və Məşğulluq Agentliyinin regional nümayəndələri ilə görüşü təşkil olunub. Regionlarda turizm potensialı, görülən işlər, gənclərin bilik və bacarığının artırılması, özünəməşğulluq proqramları haqqında müzakirələr aparılıb, “Gənc bələdçi”ləri maraqlandıran suallar cavablandırılıb. Sonda layihənin iştirakçıları şəhadətnamə ilə təltif edilib.

Qeyd edək ki, layihə yekunlaşsa da davamlılıq mərhələsində iştirakçılar proqram zamanı öyrəndikləri bilik və təcrübələrə əsaslanaraq yaşadıqları regionlarda ekoturizm və bələdçilik üzrə sahibkarlıq təşəbbüsləri həyata keçirəcəklər.


MANŞET XƏBƏRLƏRİ