Xəbər verdiyimiz kimi, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. İlkin ehtimallara görə təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Feyk iddia
Lakin bəzi KİV və sosial şəbəkələrdə qəza ilə bağlı feyk iddialar yayılır. İddia olunur ki, guya qəzaya səbəb təyyarənin içərisindəki oksigen balonun partlaması olub. Belə feyk informasiyalar daha çox Rusiya və Qazaxıstanın mediasında daha çox yayılıb. Xüsusilə də, Rusiya mediasında bir sıra “ekspert”lər bu versiyanı tirajlayırlar.
Bununla bağlı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib ki, oksigen balonunun partlayışı başqa təyyarənin göyərtəsində baş verib:
“Saat 10:53-də Rostov reysinin direktoru Aktau qülləsinin uçuş direktoruna təyyarənin sərnişin kabinəsində oksigen balonunun partlaması, sərnişinlərin huşunu itirməsi barədə məlumat verib”.
“Oksigen balonu kənar müdaxilə olmadan partlaya bilməz”
Hətta bir sıra rus ekspertləri də bu iddianın absurd olduğunu qeyd edirlər. Belə ki, “Avia.ru” portalının redaktoru Roman Qusarov və Əməkdar sınaq pilotu, Rusiya Qəhrəmanı İqor Məlikov “Vzqlyad” qəzetinə müsahibəsində AZAL-ın təyyarəsinin qəzası zamanı göyərtəsində qaz balonunun partlaması versiyasını şərh ediblər.
Roman Qusarov qeyd edib ki, təyyarədə yalnız reanimasiya üçün oksigen balonları daşımaq olar:
“Təyyarənin göyərtəsində başqa hansısa silindrlərin olması ehtimalı yoxdur. Yanğınsöndürənlərsə partlamır. Ona görə də bir oksigen balonunu yalnız atəşə atsanız partlaya bilər".
İqor Məlikovsa öz növbəsində qeyd edib ki, söhbət oksigen balonundan gedirsə, onun heç bir müdaxilə olmadan partlaması mümkün deyil:
“Ona hökmən kənar müdaxilə lazımdır. Çünki təyyarələrdəki oksigen balonları daha böyük yüklər altında sınaqdan keçirilir. Üstəlik, qaz balonunun partlaması faktiki olaraq baş vermiş olsaydı, bu, fövqəladə vəziyyətə gətirib çıxara bilərdi, qəzaya yox”.
“Oksigen balonu partlasa, yanğın olmalı idi”
Məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, oksigen balonun partlaması əsasən daxildə baş verir:
“Bunun təyyarənin səthinə elə bir təsiri olmur. Üstəlik, oksigen balonun partlaması yanğın törədir. Amma qəza anında çəkilən videogörüntülərdən də aydın olur ki, göyərtədə hər hansı bir yanğın yoxdur. Ona görə də təyyarədə oksigen balonun partlaması əsaslandırılmamış, feyk xəbərdir”.
Müsahibimiz əlavə edib ki,təyyarə Qroznı şəhəri üzərindəykən yerli HHM sistemləri tərəfindən vurulub:
“Təbii ki, qara qutu açılandan və texniki ekspertiza başa çatandan sonra bunu daha dəqiq biləcəyik. Amma bütün hallarda oksigen balonu müzakirə predmeti ola bilməz. Ortada hər kəsin gördüyü videogörüntülər var. Həmin görüntülər də sübut edir ki, təyyarə vurulub”.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.