Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”


Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulması ilə bağlı yayılan xəbərlər bütün oxları Rusiyaya yönəltdi. Maraqlı məqam isə təyyarəmizin Çeçenistan ərazisində vurulmasıdır. Belə ki, o dronların Çeçenistana Ukrayna tərəfindən göndərildiyi haqqında məlumatlar da var.

Bu məsələdə Kiyevin, şəxsən Zelenskinin günahı, mənəvi, hüquqi məsuliyyəti varmı?

Turkustan.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra təxminən bir ildir ki, Şimali Qafqaz Ukraynanın hədəfindədir:

“Ukrayna bu hücumlarda dronlardan istifadə edir. Dronlarla hücum Ukraynanın hərbi hava qüvvələrinin əsas taktikalarından biridir. Rusiyanın dərinliklərinə çox enə bilmədikləri üçün əsas hədəf kimi Şimali Qafqazı götürürlər. Bütün bunların fonunda Azərbaycan təyyarəsinin vurulması Ukraynanın hansısa bir məsuliyyət daşıdığı məsələsini gündəmə gətirir. İlkin ehtimala görə, təyyarə Rusiya hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub. Buna görə də Ukraynanın məsələdə hansısa günahının olub-olmaması dəqiq araşdırılmalıdır”.

zeynal emreliyev esas

Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, Ukraynanın təyyarəmizin vurulması fonunda sərgilədiyi mövqe heç də ürəkaçan deyil:

“Ukrayna rəhbərliyindən heç bir başsağlığı bəyanatı və ya məktubu görməmişik. Azərbaycan isə dəfələrlə Ukraynaya öz dost münasibətini göstərib. Hətta Rusiya ilə münasibətlərimizin yüksək səviyyədə olmasına belə baxmayaraq Ukraynaya dəstəyimizi əsirgəməmişik. Sülh müqaviləsi imzalanmasa da Ermənistan Baş naziri Nikol Paşinyan başsağlığı ünvanlayanlar içərisində idi. Zelenski isə hələ də susqunluğunu qoruyub saxlayır”.


MANŞET XƏBƏRLƏRİ