Rəsmi Kreml: "Bunu etməyəcəyik"


Rəsmi Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasını istintaqın yekunlarına qədər qiymətləndirməyəcək.

Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana məxsus təyyarə barədə danışarkən deyib.

Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında deyib ki, onlar “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyirlər Ona qədər Kreml olaya heç bir qiymət verməyəcək.

“Bu aviasiya insidenti ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər biz özümüzü hər hansı bir qiymətləndirmə aparmaq hüququna malik hesab etmirik”, - Kremlin sözçüsü bildirib.

Peskov deyib ki, Kreml azərbaycanlı deputat Rasim Musabəyovun Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin təyyarəni vurduğuna görə üzr istəməsi haqda tələbindən xəbərdardır.

“Əlbəttə, bunu görmüşük. Artıq dediklərimə əlavə edəcəyim heç nə yoxdur”, - deyə mətbuat katibi fikrini yekunlaşdırıb.

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.

İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və "Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb. Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır.

Təyyarənin “qara qutu”su aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır./modern.az


MANŞET XƏBƏRLƏRİ