AZAL-a məxsus təyyarənin Qroznı yaxınlığında vurulma ehtimalı yüksəkdir. Çünki hadisə baş verən anda Ukrayna PUA-larının Qroznıya hücumları müşahidə olunurdu. Hava Hücumundan Müdafiə (HHM) sistemləri işə düşmüşdü. Yayılan videolarda təyyarənin gövdəsindəki zədələr aydın görünür. Bunun Ukrayna PUA-ları tərəfindən törədildiyi ehtimalı da nəzərdən keçirilir. Təyyarə Aktauya qədər 500 km məsafə qət edib, raket zərbəsi bu qədər məsafəni qət etməyə imkan verməzdi və PUA ilə zədə almaq ehtimalı da var.
Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov 25 dekabrda AZAL-a məxsus təyyarənin Qroznı səmasında Rusiya HHM tərəfindən vurulması ilə bağlı məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, təyyarə Qroznı yaxınlığında zədələnibsə, bu, PUA zərbəsi ehtimalını da yaradır:
“Raket zərbəsi nəticəsində ciddi zədə alsaydı, təyyarənin bu qədər uzun məsafəni qət etməsi çətin olardı. Buna görə də təyyarənin PUA zərbəsi nəticəsində xəsarət alması daha real görünür.
Buna baxmayaraq, zədə Rusiya HHM-dən təsadüfən açılan atəşin nəticəsi də ola bilər. Rusiya tərəfinin qəsdən Azərbaycan təyyarəsinə atəş açması az ehtimaldır”.
Politoloq Rusiyanın məsələyə hər hansı münasibət bildirməməsinə də aydınlıq gətirib:
“Hadisənin başvermə səbəbləri ilə bağlı Rusiya tərəfi rəsmi açıqlama verməyib, çünki araşdırma hələ davam edir. Əgər təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulduğu təsdiqlənərsə, Rusiya və Azərbaycan arasındakı dostluq əlaqələri nəzərə alınaraq, Rusiya hökumətinin rəsmi üzr istəməsi və məsuliyyətli şəxsləri cəzalandırması gözlənilir. Bununla yanaşı, Rusiya, heç şübhəsiz, AZAL-a təyyarəsinin itirilməsinə və sərnişinlərin həyatına görə təzminat ödəyəcək”.
Rusiya Hava Limanlarının AZAL təyyarəsini qəbul etməməsinin səbəbini isə politoloq PUA hücumu ilə əlaqələndirib:
“Hava dispetçerlərinin təyyarəni ən yaxın Rusiya hava limanına deyil, Aktauya yönəltməsi ilə bağlı suala gəlincə, bunun səbəbləri tam dəqiqliklə məlum deyil. Böyük ehtimalla, Mahaçqala limanı da PUA hücumlarına məruz qaldığı üçün bağlanmışdı. Üstəlik, hava şəraiti də əlverişsiz idi. Yalnız Mahaçqala deyil, Şimali Qafqaz regionunda bir neçə hava limanı AZAL təyyarəsinin “dost atəşinə” məruz qalmasından sonra bağlanıb.
Başqa bir maraqlı məqam isə təyyarənin niyə Bakıya deyil, Aktauya uçmasıdır. Aktau ilə Bakı arasındakı məsafə demək olar ki, eynidir. Aktauya 500 km, Bakıya 550 km təşkil edir. Bu qərarı adətən təyyarə komandiri verir. Yəqin ki, Aktau həmin anda ən yaxın açıq hava limanı olub və təyyarə oraya eniş edib”.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.