Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?


Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə Azərbaycanda dəfn ediləcək.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməniəsilli, 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

Bu barədə oktyabrın 23-də Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən mətbuata açıqlama verilib, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizanın təyin olunduğu, keçirilən məhkəmə-tibbi ekspertizanın məlumatlarına görə, 70 yaşlı qadının ölümünə bilavasitə səbəb ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığının olduğu bildirilmişdir.

Həmçinin qeyd olunmuşdur ki, V.Ağasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsi ilə təmin edilmiş və ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdir.

V.Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi məlumatlandırılmış, bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və V.Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilmişdir.

Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilmişdir. Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülmüş, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınmış, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (Apostil verilmişdir) təsdiq edilmişdir. Meyitin 29 və ya 30 oktyabr tarixlərində BQXK-nın vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyəti dövlət qurumlarına təhvil verilməsi planlaşdırılmış və görülmüş tədbirlər barədə BQXK-nın vasitəsilə qarşı tərəfə məlumat göndərilmişdir. Lakin, müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir cavab alınmamışdır. Ötən müddət ərzində məsələ BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bir neçə dəfə müzakirə edilsə də, qurumdan Ermənistan tərəfinin bu barədə onlara cavab vermədiyi bildirilmişdir.

Təhlillər göstərir ki, əvvəllər anası ilə əlaqə saxlamayan və onunla maraqlanmayan övladlarının vəfat etdikdən sonra dəfn olunması üçün meyitinin Ermənistana təhvil verilməsi ilə bağlı BQXK-ya müraciət etmələri, sonradan isə proseslə bir daha maraqlanmamaları əvvəlcədən düşünülmüş çirkin təbliğat planının tərkib hissəsi olmuşdur. Belə ki, Ermənistan tərəfi ehtimal etmişdir ki, Azərbaycan tərəfi V.Ağasyanın övladlarının meyitin qarşı tərəfə təhvil verilməsi tələbindən imtina edə və bu faktdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP-29) öncəsi Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə oluna bilər. Azərbaycanın humanitar prosesi həyata keçirməyə hazır olduğunu gördükdən sonra isə istəklərinə nail ola bilmədiklərindən proses onlar üçün aktuallığını itirmişdir.

Dinindən və milliyyətindən asılı olmayaraq, vəfat etmiş insanla bağlı məsələnin siyasiləşdirilməsi və bu hadisənin Azərbaycana qarşı çirkin təbliğat vasitəsinə çevrilməsi cəhdləri humanitar hüquq normalarına və bəşəri dəyərlərə hörmətsizlikdir.

Azərbaycan Respublikasının həmişə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşdığını və beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini diqqətə çatdıraraq Dövlət Komissiyası V.Ağasyanın meyitinin qarşı tərəfə verilməsinə hazır olduğunu bir daha bəyan edir.

Dini adətlərə, o cümlədən aidiyyəti mütəxəssislərin elmi rəylərinə əsasən, insan meyitinin uzun müddət saxlanılması mümkün olmadığı üçün 2025-ci ilin yanvar ayının sonunadək Ermənistan tərəfi V.Ağasyanın meyitini qəbul etməyəcəyi halda, meyit Azərbaycan Respublikasının ərazisində dəfn ediləcək və məzarı müvafiq qaydada qorunacaq".


MANŞET XƏBƏRLƏRİ