Aktauda qəzaya uğrayan təyyarənin düşməzdən əvvəlki görüntülərində bir sərnişinin – Sübhonkul Rəhimovun təyyarə qəzalı vəziyyətdə olanda kəlmeyi-şəhadətini deməsi, sonradan sağ qalması onu məşhurlaşdırıb və sevdirib. Bəs kəlmeyi-şəhadətin mahiyyəti nədən ibarətdir?
O sözlərin azərbaycanca tərcüməsi nədir?
Ümumiyyətlə, kəlmeyi-şəhadət yalnız ölüm riski zamanımı deyilməlidir?
Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov kəlmeyi-şəhadətin islamın ən əsas təməl ifadəsi olduğunu bildirib.
Onun sözlərinə görə, bu ifadə insanın imanını bəyan etməsi və tövhid inancını qəbul etdiyini göstərən ən əhəmiyyətli təsdiqdir:
“Kəlmeyi-şəhadətin əsas məzmunu Allahın birliyini təsdiq etmək və Məhəmməd Peyğəmbərin (s.ə.s.) Onun rəsulu olduğunu qəbul etməkdir. Bu sözlər iman gətirmək istəyən bir insan üçün giriş qapısıdır və müsəlman olmağın ilkin şərtidir. Kəlmeyi-şəhadət belədir: “Əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rəsuluhu.”
Azərbaycanca tərcüməsi belədir:
“Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.”
Sübhonkul Rəhimov
İlahiyyatçı deyib ki, bu ifadənin iki əsas hissəsi var:
1. Tövhid (Allahın birliyini təsdiq):
Bu, insanın yalnız Allaha ibadət etdiyini və Onun heç bir şəriki olmadığını qəbul etməsidir. Tövhid inancı islamın ən əsas əqidəsidir və insanı bütpərəstlikdən, şirkdən uzaqlaşdırır.
2. Risalət (Peyğəmbərin elçiliyini təsdiq):
Bu, insanın Məhəmməd Peyğəmbərin (s.ə.s.) Allahın son elçisi olduğunu qəbul etməsidir. Peyğəmbərin gətirdiyi dini, Quranı və sünnəti təsdiqləmək bu ifadənin tərkib hissəsidir.
Kəlmeyi-şəhadət, müsəlmanlar üçün həyatın hər anında dildə və qəlbdə möhkəm saxlanmalıdır. Xüsusilə ölüm anı yaxınlaşarkən və ya ölüm təhlükəsi zamanı bu sözləri söyləmək vacib və tövsiyə ediləndir”.
Ə.Həsənov bunun səbəbini açıqlayıb:
“1. Son söz olması:
Həzrət Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur:
“Kim son sözü ‘Lə ilahə illəllah’ olaraq dünyasını dəyişərsə, cənnətə girər” (Əbu Davud, Cənaiz, 20).
Bu hədis ölüm anında kəlmeyi-şəhadət deməyin axirətdə böyük mükafat qazandıracağını göstərir.
2. İmanın təsdiqi:
Təhlükə anında insanın kəlmeyi-şəhadəti söyləməsi imanını bir daha təsdiq etməsidir. Bu, insanın qorxu və narahatlıq anında Allaha tam təvəkkül etdiyini göstərir.
3. Allahı zikr etmək:
Quranda belə buyurulur:
“Ey iman gətirənlər! Allahı çox zikr edin və Onu səhər-axşam təsbih edin” (Əhzab, 41-42).
Kəlmeyi-şəhadət ən ali zikrlərdən biridir və xüsusilə çətin anlarda Allahı xatırlamağa kömək edir”.
İlahiyyatçı deyib ki, kəlmeyi-şəhadət yalnız ölüm təhlükəsi zamanı deyil, müsəlmanın həyatının hər anında tez-tez söyləməli olduğu bir ifadədir:
“Bununla insan imanını gücləndirir və Allahla olan əlaqəsini canlı saxlayır. Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:
“İmanınızı ‘Lə ilahə illəllah’ deyərək yeniləyin” (Əhməd ibn Hənbəl, Müsnəd). Deməli, başa düşməliyik ki, kəlmeyi-şəhadət yalnız bir dua və ya zikr deyil, həm də insanın həyat fəlsəfəsini əks etdirən və axirətinə yön verən bir təsdiqdir. Təyyarə qəzası kimi ağır və təhlükəli anlarda bu sözlərin söylənməsi insanın Allahla əlaqəsini yeniləyir və ona mənəvi güc verir. Həyatda qalmaq bu insanı məşhurlaşdırsa da, əsas məsələ Allahın razılığına nail olmaqdır. Beləliklə, müsəlmanlar hər zaman kəlmeyi-şəhadəti qəlbdə yaşatmalı və bunu yalnız qorxu anlarında deyil, həyatın adi məqamlarında da dilə gətirməlidirlər. Bu, Allaha yaxınlıq və axirətə hazırlıq üçün ən gözəl addımdır”.