"Təyyarə vurulubsa, üzr istənilməli, kompensasiya təklif olunmalıdır"


Yeni ili xoş əhval-ruhiyyə ilə qarşılamaq istəyən xalqımız üçün çoxsaylı insan itkisi ilə nəticələnən bu bədbəxt hadisə çox üzücü oldu. Prezident səfərə gedərkən yarıyoldan geri döndü, ölkədə matəm elan olundu. Dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara şəfa diləyirəm.

Turkustan.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində bildirib.

O qeyd edib ki, təyyarə qəzasının hansı səbəbdən baş verməsini hökumət komissiyası araşdırmalardan sonra açıqlayacaq.

"Amma Rusiya araşdırmaların nəticəsini gözləmədən dərhal bildirməliydi ki, həmin vaxt hava hücumundan müdafiə sistemi hansısa uçan obyektə Qroznı ətrafında atəş açıb, ya yox. Bunu dostluq və müttəfiqlik münasibətlərimizin hazırki yüksək səviyyəsi diqtə edir. Dimitri Peskovun “biz ekspertizanın nəticəsi elan olunmayana qədər heç bir şərh verməyəcəyik”,-açıqlaması başa düşülən deyil. “Sübut edə bilsəniz, etiraf edərik”,-yanaşmasına oxşayan bu mövqe çox üzücüdür. Ümumiyyətlə, Qroznıya PUA hücumlarının olduğunu hamı bilirdi, ona görə həmin şəhərə uçuşlara icazə verilməməliydi. Şimali Qafqaza uçuşların dayandırılmasını düzgün qərar hesab edirəm.

Məni qardaş qazax xalqının sadə təmsilçilərinin dünyasını dəyişənlərin xatirəsini əziz tutaraq səfirliyimizin önünə gül dəstələri qoyması və yaralılar üçün qan vermələri çox təsirləndirsə də, Qazaxıstanın qəzanın səbəblərini araşdıran Komissiyanın tərkibinə Azərbaycandan olan mütəxəssisləri buraxmaması da ciddi məyus etdi", - deputat qeyd edib.

Partiya sədrinin sözlərinə görə, təyyarənin göyərtəsindəki qəlpə deşiklərinin çıxıntılarının bayırdan içəriyə doğru olması açıq-aydın görsənir, bu və sağ qalanların ifadələri təyyarənin yerdən vurulması ehtimalını gücləndirir:

"Sözsüz ki, təyyarə göyərtəsindəki belə deşiklərlə Bakıdan havaya qalxmayıb. Quşların təyyarə ilə toqquşması səbəbindən füzülyajda belə deşiklərin açılmasının mümkünsüzlüyünü başa düşmək üçün mütəxəssis olmaq lazım deyil. Təyyarə vurulubsa, böyük səhvə yol verildiyi deyilməli, üzr istənilməli və həlak olanların yaxınlarına kompensasiya təklif olunmalıdır. Müharibələrdə təəssüf ki, günahsız insanlar da qurbana çevrilir. Biz Vətən müharibəsində səhvən Rusiya vertolyotunu vuranda dərhal bunu etdik. Bu gün xalqımızı həmrəyliyə çağıraraq və əlavə söz-söhbətin qarşısını almaq üçün ölkədə fəaliyyət göstərən partiyalar birgə bəyanatla çıxış edərək, qısa bir müddətdə icimaiyyətə məlumat verilməsini istəyiblər". /modern.az/


MANŞET XƏBƏRLƏRİ