Dekabr ayının 25-i Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub. Onlardan biri qəzadan əvvəl sərnişinləri sakitləşdirməyə çalışan və "Hər şey yaxşı olacaq" deyən stüardessa - Hökumə Əliyevadır.
İlk öncə demək istəyirəm ki, Azərbaycan Hava Yolları ilə dünyanın bir çox ölkəsinə səyahət etmişəm. Hər zaman stüardessaların səmimi təbəssümü və xoş simaları məni qarşılayıb. Onların təbəssümü nəyə deyirsiniz dəyərdi. Onların təbəssümü ilə təyyarəyə minmişəm. Yenə də həmin o təbəssümlə təyyarədən enmişəm. Çox nəzakətli davranırlar bütün sərnişinlərlə. Bu da adamda xoş təəssürat yaradır. Səbrlə, təmkinlə öz işini görürlər.
Stüardessa Hökümə də çox təmkinli idi. Eyni zamanda çox gözəl xanım idi. Allah ondan heç nəyi əsirgəməmişdi. Lakin həyatı çox qısa oldu. Deyirlər gözəl qadınlar xoşbəxt ola bilmir, həyatda həmişə əziyyət çəkirlər. Sanki Tanrı onlara gözəllik verir, amma bəxt vermir. Hökümə də onlardan biri idi. Bəlkə də Allahın sevimli bəndəsi idi, Allah sevdiyi bəndələri yanına tez alır.
"Hər şey yaxşı olacaq" deyirdi. Son ana qədər sərnişinlərə təlimat verən, onları təmkinli olmağa səsləyən, sakitləşdirən xanım bələdçi Əliyeva Hökümə. O sözləri deyəndə görəsən özü qorxdumu? Məncə qorxmadı. Kəlbəcərlilər mübariz, cəsur olurlar. Bir çox sınaqlardan keçdilər, amma sınmadılar. 30 il Torpaq həsrəti ilə yaşadılar, nəhayət qovuşdular yurd yuvalarına. O da möhkəm dayanmışdı. Sona kimi möhkəm dayandı.
Hökümə Əliyeva 1991-ci ildə Kəlbəcərin Susuzluq kəndində doğulub. 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də tamamladı. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başladı, sonra stüardessa kimi fəaliyyət göstərdi. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi, işə götürülmüşdü, bu onun son uçuşları idi. 33 yaşlı bir gözəl xanımın həyatı da buraya kimi imiş...
Təəssüf ki, heç də yaxşı olmadı. Əksinə hər şey çox pis, kədərli oldu. Sənsiz heç də yaxşı olmadı.
Kaş bu sözü indi kamera qarşısına keçib deyərdin. Deyərdin: "Dostlar, hər şey yaxşıdır, mən sağam". Hökümə, sən bizi ağlatdın və getdin. Vəfasız oldun. Adam belə vəfasız olarmı heç? Axı sən güclü idin. Yaddaşlardan silinməyəcək güclü qadın obrazı yaratdın. Gəncədə yaşadın neçə illərdi, oranın suyunu içdin, havasını uddun, çörəyini yedin, hamısı sənə halaldır, bizim mərd bacımız. Nə yaxşı ki sənin kimi qeyrətli, fəxr ediləsi qızlarımız var. Mən səninlə fəxr edirəm. Şəkilinə baxıram, necə gözəl təbəssümlü, gözəl simalı bir Azərbaycan qadınını itirdik. Kədər içindəyik...
O dünyada özünüzə yaxşı baxın. Digər sərnişinlər də sənə əmanət, onlara da yaxşı bax. Mahmuda, Raminə, Məhəmmədəliyə, Aleksandra, İqora və digərlərinə. Qoruya bilmədik sizi. Əlvida, nur üzlülər... Bağışlayın bizi.
25 dekabr yaddaşımıza qara hərflərlə yazıldı...Bu günü heç vaxt unutmayacağıq!
Mərdliyin və cəsurluğun qarşısında baş əyirik Hökümə xanım. Anana və atana dediyin kimi: "Mənimlə fəxr edin". Sənin arzun reallaşdı, bacı. Bu gün bütün Azərbaycan səninlə fəxr edir və qürurla anır. Səsin həmişə qulağımızda qalacaq. Başımız sağ olsun...
Leyla Turan