“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.
Dünən baş verən hadisədən dərhal sonra Rusiya Federal Hava Nəqliyyatı Agentliyi - "Rosaviasiya" rəsmi məlumat yaydı. "Rosaviasiya" iddia etdi ki, AZAL-ın təyyarəsinin uçuşuna quş dəstəsi mane olub və bu səbəbdən qəza enişi həyata keçirilib.
Lakin "Rosaviasiya"nın "quş sürüsü" barədəki iddiası inandırıcı deyildi və elə dünən bu versiya gündəmdən çıxdı.
Elə Azərbaycan Prezidenti İlham Əliyev də dünən hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirdiyi müşavirədə qəzanın səbəblərinin hələ bəlli olmadığını vurğulayıb.
"...qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq", - Prezident İlham Əliyev qeyd edib.
Modern.az saytı yüksəkliklə uçan quş dəstələrinin təyyarələrə hansı təhlükəni yaratdığığını şərh etməsi üçün Azərbaycan Ornitoloji Cəmiyyətinin (AOC) sədri Elçin Sultanovla həmsöhbət olub.
Elçin Sultanov deyib ki, Bakı-Qroznı reysinin keçdiyi bölgədə hazırda quşların köçü yoxdur, ona görə də quş dəstəsi ilə bağlı fərziyyə özünü doğrulda bilçməz.
“Quşların köçü çoxdan bitib, hazırda quşlar qışlama dövründədirlər. Tək-tük quşlar qışda köç üçün Cənuba uça bilər, amma bizim bölgədən Dağıstan, Çeçenistana, nə də həmin ərazilərdən Azərbaycana quşların köçü olmur. Quşlar kollektiv olaraq bizim bölgəmizdən İrana, İrandan bizə, İraqa və yaxud da Azərbaycanın içində hərəkət edirlər. Böyük köç isə çoxdan bitib və bir də fevralın ortalarında başlayacaq”.
Elçin Sultanov onu da qeyd edib ki, quşlar maksimum 8000 metrə qədər hündürlükdə uça bilirlər ki, bu da bəzi hallarda təyyarələrin hərəkətinə maneçilik törədə bilər.
“Köç zamanı ən hündürdən uçan quşlardan biri qazlardır, onlar Himalay dağlarının üzərindən də uça və bir sıra hallarda 8000 metr hündürlüyü keçə də bilirlər. Normalda əksər quşlar köç zamanı xüsusilə də gecə vaxtı 1000-3000 metr hündürlüyə qədər qalxaraq uçurlar. Hündürlük bundan daha az da ola bilər, çox da. Məsələn, bəzən sərçəkimilər isə 3000 metrdən daha yüksəyə qalxa bilirlər”.
“İstənilən quş təyyarə ilə toqquşa bilər. Hansı ərazidə hansı quş növü çoxdursa, orada təyyarənin uçmasına mane törədəcək quş həmin bölgədə yaşayan istənilən növ quş ola bilər. Mediada yayılan şəkillərə baxdıqda isə təyyarənin quyruq hissəsinin dəlik-deşik olduğu görünür. Quşun təyyarəni o cür deşməsi üçün onun təyyarənin yanından üzü həmin hissəyə tərəf sürətli uçaraq başı ilə möhkəm zərbə endirməsi lazımdır. O da bu cür hava şəraitində, quşların az olduğu belə dövrdə mümkün görünmür”, - Elçin Sultanov əlavə edib.